AZ

“Kəpəz” yenə o “Kəpəz” olacaq...

Əslində, bu yazını çoxdan hazırlamalı idim. Çoxdan deyəndə ki, keçən ayın ikinci yarısını nəzərdə tuturam. Amma obyektiv və subyektiv səbəblər ucbatından yazı ləngidi. İlk səbəb komandanın rəhbərliyi ilə görüşüb söhbət etdiyim günün axşamı “Kəpəz”in “Qarabağ”a 0:5 hesabı ilə uduzması oldu. Səmimi deyirəm, “kəpəzlilər”lə”görüşdən aldığım xoş təəssürat, ümid, inam az da olsa, necə deyərlər, laxladı. Ardınca başqa bir acı məğlubiyyət. Bu arada redaksiyanın digər operativ materiallarını hazırlamaq, təcili bir neçə rayona ezam olunmağım da “Kəpəz” yenə o “Kəpəz” olacaq...” sərlövhəli yazını ləngitdi...

Bir haşiyə. “Kəpəz” sevdiyim komandadır. Təkcə ona görə yox ki, 90-cı illərin sonlarında bu klubun mətbuat xidmətinin rəhbəri olmuşam. Hətta çempionlar liqası çərçivəsində komanda ilə birlikdə 1998-ci ilin yayında Polşaya da getmişəm. Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda ilk dəfə məhz bu futbol klubunun qəzeti təsis edilib, qeydiyyatdan keçib. Özü də rəngli. Ümumiyyətlə, respublikada ilk rəngli qəzet “Kəpəz” qəzeti olub və əl-əl gəzib. Bu işdə mənə o zamanlar “Xalq qəzeti”ndəki iş yoldaşım, Əməkdar jurnalist, futbol bilicisi, hazırda təqaüddə olsa da, qəzetimizlə yenə əməkdaşlıq edən Oqtay Bayramov yaxından kömək göstərib... Təbii ki, klubun o zamankı prezidenti, rəhmətlik Rza Məmmədovun maliyyə dəstəyi olmasa idi bu işləri görmək mümkün deyildi.

“Kəpəz” həmişə sayılıb-seçilən komanda olub. Təkcə 1993–2003-cü illər arası klub 3 dəfə ölkə çempionu titulunu, 4 dəfə kubokunu qazanıb. Çempionatlarda “Qarabağ”dan sonra ən böyük uğuru məhz “Kəpəz” əldə edib. Bunları nəyə görə qeyd edirəm? Böyük futbolun yenidən Azərbaycanın ikinci şəhərinə qayıtması Gəncədə sonsuz coşqu yaratdı. İstər şəhər rəhbərliyi, istərsə də AFFA və digər əlaqədar təşkilatlar oyunların şəhər stadionunda keçirilməsi üçün tədbirlər gördülər və buna nail oldular. Qeyd edək ki, 25 min tamaşaçı tutumuna malik olan bu stadion Bakıdakı Olimpiya və Tofiq Bəhramov adına respublika stadionlarından sonra öz böyüklüyünə görə 3-cü yeri tuturdu. Amma uzun illər əsaslı təmir olunmayan stadionun vəziyyəti son vaxtlar ürəkaçan deyildi. Tamaşaçılar üçün nəzərdə tutulan tribunalar, meydançanın ot örtüyü heç bir tələbə cavab vermirdi, futbolçuların özləri üçün şərait yox idi, bir sıra qurğular, yardımçı tikililər, otaqlar sıradan çıxmışdı. Qonaq komandalar da bu vəziyyətə görə narazılıqlarını bildirirdilər. Belə bir vaxtda həmişəki kimi gəncəlilərin, şəhərin futbol ictimaiyyətinin, idmançıların köməyinə ölkə Prezidenti gəldi. Dövlət başçımız keçən ilin oktyabrında Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi ilə bağlı sərəncam imzalamaq, Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat vəsait ayırmaqla bərabər, bu ilin aprelində Gəncəyə gəldi və minlərlə azarkeşin, idmançının sonsuz sevincinə səbəb olan tarixi bir işə imza atdı. Ölkə başçısı stadionun təməlini qoydu!

Qeyd edək ki, Gəncə stadionunun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Kəpəz rəhbərliyi ilə görüşdən əvvəl şəhər stadionunun tikintisində işlərin gedişi ilə maraqlandım, C.İbrahimovla birlikdə inşaat işləri aparılan sahəyə baş çəkdim. Artıq tribunaların ucaldıldığının, digər quraşdırma işlərinin şahidi oldum. Hiss olunur ki, gələn il “Kəpəz” yeni stadionda nəhayət, öz azarkeşlərinə qovuşa biəcək. Digər tərəfdən, Gəncə şəhərinin 2025-ci ildə MDB Oyunlarına evsahibliyi edəcəyi xəbəri ümidlərimizi daha da artırıb.

Güclü yağış yağdığından ətrafda inşaatçı və quraşdırıcılar gözə dəymirdi. Amma dedilər ki, iş çox sürətlə gedir və tikinti meydançasında çalışanların sayı bəzən 100 nəfəri də keçir.

...Qayıdaq ötən ayın ortalarına. “Kəpəz”-in icraçı direktoru Cabir İbrahimovla əvvəlcədən vədələşdiyimiz vaxtda klubun Futbol Akademiyasında görüşürük. Hiss olunur ki, özünü nə qədər nikbin əhval-ruhiyyədə olduğunu göstərmək istəsə də narahatdır, gərgindir. Səbəbini öyrənmək istədik, bir söz demədi, diqqəti klubun işlərinə, problemlərinə yönəltməyə çalışdı.

C.İbrahimov 4 aya yaxındır ki, klubun icraçı direktorudur. O, 7 il əvvəl də bu vəzifədə olub və klubun işi, abu-havası onun üçün təzə deyil. C.İbrahimov, eyni zamanda, Futbol Akademiyasına rəhbərlik edir. Bəri başdan qeyd edək ki, nizam-intizamı sevən, istər klubda, istərsə də, akademiyada işgüzar, sağlam mühit yaratmağa çalışan mütəxəssisdir.

Bir azdan klubun mətbuat katibi Azad Mustafayev, klubun futbol akademiyasının kordinatoru Vasif Vəliyev, komandanın yeni baş məşqçisi Azər Bağırov da gəlir. Yeri gəlmişkən, 40 yaşlı gənc mütəxəssis son il yarımda “Kəpəz”in dördüncü məşqçisidir ki, görüşüb söhbət edirəm. Əvvəlcə Tərlan Əhmədov, sonra Azər Məmmədov, daha sonra Adil Şükürov, indi də Azər Bağırov.

Cabir İbrahimov, “Kəpəz” futbol klubunun icraçı direktoru:

– Əvvəlcə “Xalq qəzeti”nin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildirirəm ki, Gəncə futboluna bu qədər önəm verir, daim işimizlə maraqlanır, öz səhifələrində klubun fəaliyyətini işıqlandırır, yeri gələndə tənqid edir, təkliflərini bildirir. “Kəpəz”in bugünkü vəziyyətini detallarına kimi xırdalamağa düşünürəm, ehtiyac yoxdur. Onsuz da hamı bilir ki, xeyli vaxtdır komanda stadionsuz olduğu üçün başqa meydançalarda çıxış edir və bu, istər-istəməz oyunlarımıza mənfi təsir göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevə Gəncənin futbol ictimaiyyəti, klubumuz, akademiyamız adından minnətdarlıq edirəm ki, belə bir möhtəşəm stadionun tikintisinə sərəncam verib. O ki, qaldı sponsor məsələsinə, bu, bizim, necə deyərlər, yaralı yerimizdir. Hələ də inana bilmirəm ki, necə olur ölkə futboluna indiyədək onlarla məşhur futbolçu yetişdirib verən, şan-şöhrəti, adı-sanı olan bir kluba indiyədək sponsor tapılmayıb. Doğrudur, dövlətin ayırdığı vəsaitlə vəziyyətdən çıxa bilirik. Lakin müəyyən problemlərin həllində sponsora ehtiyac olduğu açıq-aşkar hiss edilir. Amma nikbinəm, bilirəm ki, yeni stadionumuz istifadəyə verilən kimi sponsor özü bizi axtaracaq. Bir anlığa Gəncə stadionunun ağzınadək tamaşaçı olan günlərini gözlərim önünə gətirirəm. “Kəpəz” yenə öz sözünü deyəcək. “Kəpəz” yenə o “Kəpəz” olacaq.

O ki, qaldı digər məsələlərə, klubun indiki rəhbərliyi, məşqçilər korpusu yalnız bir məqsəd uğrunda çalışır: klubu nəyin bahasına olursa-olsun, premyer liqada saxlamaq və gələn ildən yüksək yerlər uğrunda mübarizə aparmaq. Hələ ki, hər bir iş rəvan gedir. Təkcə bir məsələni də tam həll edə bilsək, klubumuzun uğurları artacaq. Hələ də klubun, akademiyanın işlərinə mane olmaq istəyən, hətta təxribatlara əl atan, nizam-intizamı pozmağa cəhd edən, “yerli-yersiz” söhbətləri aparan qüvvələr var. Bunlar daha çox klubdan kənarda baş verir. Çalışırıq ki, belə “futbolsevərlər”dən birdəfəlik xilas olaq.

Vasif Vəliyev, Gəncə Futbol Akademiyasının koordinatoru:

– Akademiyamız Kəpəz futbol klubunun nəzdində fəaliyyət göstərir. Burada 12 müxtəlif yaş qrupundan ibarət komandalar yaratmışıq və müntəzəm olaraq məşq edirlər. Ən aşağı yaş qrupu 8, ən yuxarı yaş qrupu isə 19 yaşlılardan ibarətdir. Komandalardan biri də qızlardan təşkil olunub. Komandalarımızın hamısı AFFA-nın keçirdiyi bütün yaş qrupları üzrə yarışlarda iştirak edir. Ümumilikdə, akademiyamızda 19 məşqçi, 200-dən çox uşaq var. Akademiyamızın məqsədi əsas komandaya və Azərbaycan milli komandalarına oyunçu yetişdirməkdir. Bizim yetirmələrimiz olan Mahir Həsənov və Nihad İsaqov artıq Azərbaycanın U-21 və U-17 millilərində oynayırlar. İndi soruşa bilərsiniz ki, bəs onda “Kəpəz”in əsas heyəti üçün niyə futbolçu vermirsiniz? Bilirsiniz, indi elə bir dövrə gəlib çatmışıq ki, yeniyetmə gənc də harada yüksək maaş var, ora üz tutur. Bizim yetirmələrimizi bəzən belə olur ki, məcazi mənada desək, başqa klublar dərhal “oğurlayırlar”. Düşünürəm ki, müvəqqəti haldır və bunun üzərində işləyirik.

Azər Bağırov, “Kəpəz”in baş məşqçisi:

– Təbii ki, çox ağır bir yükün altına girdiyimi bilirəm. Komanda indi-indi özünə gəlir. Təsəvvür edin ki, ötən mövsümdəki komandanın 80 faizi klubun düşərgəsini tərk edib. Tamamilə sıfırdan bir komanda formalaşdırmaq, eyni zamanda, çempionatda uğurlu çıxış etmək olduqca çətindir. İnanıram ki, Gəncə futbolsevərləri ilə birlikdə biz istədiyimizə nail olacağıq və klubun keçmişdəki ənənələrini geri qaytaracaq, ümidləri doğruldacağıq. Gəncə böyük futbol məkanıdır. Bunu Azərbaycanda bilməyən yoxdur.

Çox gərgin məşqlər edirik, fiziki cəhətdən daha güçlü olmağa çalışırıq. Əgər əvvəllər bir futbolçu meydançada nəzərdə tutulduğundan da az qaça bilirdisə, indi şadam ki, orta normanı da keçir ki, bu da gərgin məşqlərin və futbolçuların özlərinə inamının nəticəsidir. Bir də hücum futboluna üstünlük veririk. Oyunçularımızın sonadək əzmkarlıq göstərməsi, mübarizə aparması mənə ümid verir ki, hər şey yaxşı olacaq, biz öz sözümüzü deyə biləcəyik.

Nəyimiz var, Gəncə futboluna həsr etməliyik. Gəncə gözəldir.Yaxşı futbolu ilə daha da gözəldir.

Azad Mustafayev, “Kəpəz” futbol klubunun mətbuat katibi:

– Əsas işimiz ictimaiyyəti klubumuzun fəaliyyəti ilə yaxından tanış etməkdir. Azarkeşlərimizi, eləcə də mətbuati gündəlik xəbərlərlə məlumatlandırırıq. Klubumuzun kapazfpc.az saytı, eyni zamanda müxtəlif sosial şəbəkələrdə səhifələri var. Paylaşımlarimiz mütəmadi olaraq bu platformalarda oxucuların diqqətinə çatdırilir. Mətbuat xidməti olaraq SMM, fotoqraf, videoqraf və digər texniki əməkdaşlarla birlikdə çalışır, işimizi günün tələbləri səviyyəsində qururuq. Bizi narahat edən odur ki, bəzən mətbuat xidmətinə istinad etmədən düzgün olmayan xəbərlər yayırlar ki, bu da ümumu işimizə xələl gətirir, lazım olmayan söhbətlərin yayılmasına gətirib çıxarır.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Seçilən
45
xalqqazeti.az

1Mənbələr