Milli Məclisin Deputatı Azər Allahverənov 2024-cü il noyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərində COP29 çərçivəsində təşkil olunan “COP Mirası - vətəndaş cəmiyyətinin iqlim maliyyəsi üzrə müzakirələri” adlı forumda iştirak edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutan tədbirdə BƏƏ, Azərbaycan və Braziliya QHT-ləri bir araya gəlib. Forumun əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə vətəndaş cəmiyyəti institutlarının rolunu müzakirə etmək olub.
QHT.az xəbər verir ki, Deputat Allahverənov forumun "COP29: İqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin idarəolunması sahəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi" adlı ilk panelində çıxış edərək, “Troika” adlanan – BƏƏ, Azərbaycan və Braziliya – dövlətlərinin QHT-ləri arasında iqlim maliyyəsi mövzusunda dialoq və əməkdaşlıq platformasının yaradılmasını təklif edib. Deputat qeyd edib ki, bu məqsədlə üç ölkənin mütəxəssislərindən ibarət işçi qrupu təsis olunmalı və onların vasitəsilə konkret hədəflərə aparan strategiya və yol xəritəsi hazırlanmalıdır.
Təklif xarici tərəfdaşlar tərəfindən müsbət qarşılanıb və iqlim dəyişikliyinə qarşı birgə mübarizə üçün bu təşəbbüsün reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Forumda həmçinin QHT-lərin iqlim maliyyəsi sahəsində səmərəli fəaliyyəti üçün yeni imkanların yaradılması və ətraf mühitin qorunması üzrə birgə səylərin gücləndirilməsi yolları müzakirə edilib.