Avropa İttifaqı (Aİ) Komissiyası “Facebook” və “Instagram” sosial media platformalarının sahibi “Meta”nı 797 milyon avro məbləğində cərimələdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, cəriməyə səbəb “Meta”-nın ittifaqın antiinhisar qaydalarını pozması olub.
Aİ Komissiyasının araşdırması müəyyən edib ki, “Meta” bütün Avropa İqtisadi Zonasında şəxsi sosial şəbəkələrdə və sosial mediada onlayn ekran reklam bazarındakı dominant mövqeyindən sui-istifadə edib.
Qərarda qeyd edilib ki, “Facebook Marketplace”-i “Facebook”-a inteqrasiya etməklə, bu sosial media platformasından istifadə edən hər kəs avtomatik olaraq “Facebook Marketplace”-ə daxil olur və istəsə də, istəməsə də müntəzəm olaraq buna məruz qalır. Bu vəziyyətin digər onlayn təsnifləşdirilmiş reklam xidməti təminatçıları üçün ədalətsiz ticarət şəraiti yaratdığı bildirilib.