Amerikalı milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.
Bu barədə “The New York Times” “adı açıqlanmayan iki İran rəsmisinə istinadən məlumat yayıb.
Nəşr vurğulayır ki, söhbətin mövzusu İran və ABŞ arasında gərginliyin azaldılmasıdır.
Qəzetin yazdığına görə, məxfi yerdə baş tutub və bir saatdan çox davam edən görüş ilkin olaraq müsbət qiymətləndirilib.
Mask ilə görüşdə Tehran və Vaşinqton arasında birbaşa danışıqlar aparılmadan “çözüm” variantı müəyyən edilib. İrəvani amerikalı milyarderə biznesinin bir hissəsini İrana köçürməyi təklif edib.
Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Effektivliyi Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb.
Maraqlıdır, İlon Mask Donald Trampın tapşırığı ilə İran rəsmisi ilə görüşüb? Tramp İran rəsmisinə Mask vasitəsilə İranla bağlı hansı mesajı çatdırmış olar?
Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Tramp Mask vasitəsilə Tehranın mövqeyini öyrənməyə çalışa bilər:
“Burada ilk öncə İlon Maskın şəxsiyyətinə və fəaliyyətinə diqqət yetirmək lazımdır. Mask yeniliyə, müasirliyə açıq olan, eyni zamanda elmi və texnoloji inkişafa üstünlük verən bir şəxsiyyətdir. Bu o deməkdir ki, Maskın siyasi və iqtisadi proseslərə cəlb olunması ilə növbəti dörd il ərzində Tramp administrasiyasının xarici siyasətində yeniliklər müşahidə oluna bilər.
Çünki ABŞ-nin əski siyasi baxışları təkcə ABŞ üçün yox, həmçinin qlobal səviyyədə yeniliklər gətirmir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr buna sübutdur.
Bununla yanaşı, Donald Trampın son prezident seçkilərində qələbə çalması ehtimal olunan hadisə deyildi. İlon Mask Trampın seçki kampaniyasına cəlb olunmaqla Amerika ictimai rəyində Trampa dəstəyi daha gücləndirdi.
Trampın özü də seçki kampaniyası zamanı İlon Maskın onun administrasiyasında xüsusi vəzifəyə təyin olunacağını bəyan etmişdi.
Ona görə də İlon Maskın İran rəsmiləri ilə görüşü ABŞ-nin xarici siyasətində yeniliyin təcəssümüdür. Bu, müəyyən müsbət nəticələr vəd verə bilər. Əski siyasi baxışdan fərqli olaraq, Mask yeni siyasi baxışlara üstünlük verəcək və Trampa bu prizmadan məsləhətlər verəcək.
Trampın Mask vasitəsilə İrana hansısa mesaj ötürməsindən daha çox İran rəsmisinin dilindən Tehranın mövqeyini öyrənmək və gələcəkdə yeni təkliflər irəli sürməkdir. Növbəti dörd il ərzində Tramp administrasiyası uğurlu xarici siyasət yürütmək üçün İlon Maska və onun kimi yeniliyə üstünlük verən şəxslərə ehtiyacı var. Bu, müsbət bir tendesiyadır.
Başqa bir tərəfdən İran rəsmisinin İlon Maskla görüşü İran İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkianın qətiyyətli siyasətinin tərkib hissəsidir.
Bildiyimiz kimi, İranın ali rəhbəri Seyyid Əli Xamaneyi ABŞ rəsmiləri ilə bütün görüşləri qadağan edib. Pezeşkianın özü də bunu yaxşı bilir. Amma buna baxmayaraq, Pezeşkian qəti siaysi iradə ortalığa qoyur və çox yaxşı anlayır ki, problemlər yalnız danışıqlar yolu ilə çözülə bilər”.