AZ

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin cəzalandırılması tələb olundu

Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluğa görə həbsdə olan Qədim Ədilovun məhkəmə zalından azadlığa buraxılması zərərçəkənlərin kəskin etirazına səbəb olub.

Azərbaycan vətədaşları olan 17 nəfər zərərçəkən ölkə rəhbərliyinə, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin sədri İnam Kərimova, Prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokuror Kamran Əliyevə, Prezident Adminstrasiyasının Qanunvericilik və Hüquq Şöbəsinin müdiri Gündüz Kərimova müraciət etməklə Bakı Apellyasiya Məhkəməsində qəbul edilmiş qanunsuz qərara diqqət çəkiblər.

Müraciət müəllifləri yazır:

“Biz Sizə 20-dən artıq Azərbaycan vətəndaşının mal-mülkünü talamış, barəsində 17 nəfər rəsmi zərərçəkmiş kimi tanınan məşhur dələduz Qədim Ədil oğlu Ədilovun qurbanları adından müraciət edirik. 2014-cü ildən bəri 20-dən artıq vətəndaşın ev-eşiyini satdırıb pullarını talamış olan bu dələduzun haqqında 2015-ci ildən bəri 150066098 nömrəli cinayət işi mövcud olsa da, o, müxtəlif yollarla məsuliyyətdən yayınır. 2022-ci ilin yayında biz zərərçəkmişlər cənab Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olduqdan sonra bu məsələ ciddi nəzarətə götürüldü.

Şəxsən cənab Baş Prokuror Kamran Əliyevin nəzarəti altında prokurorluğun Baş İstintaq İdarəsi obyektiv araşdırma apardı və dələduz Qədim Ədilov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilməklə həbs qəti imkan tədbiri seçildi. Duyuq düşən cinayətkar ölkədən qaçsa da, prokurorluğun vəsatəti və Daxili İşlər Nazirliyi İnterpolun qərarı ilə o, qırmızı bülletenlə beynəlxalq axtarışa verildi və 26 fevral 2024-cü il tarixində Rusiya Federasiyasının Kaluqa şəhərində həbs edildi. 2024-cü ilin oktyabr ayında dələduz Qədim Ədilov Azərbaycan Respublikasının ədliyyə orqanlarına təhvil verildi.

Bu qədər geniş miqyasda səslənmiş, İnterpolun beynəlxalq axtarışı ilə baş tutmuş həbsdən sonra 5 noyabr 2024-cü ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi, Elbəy Allahverdiyev və Habil Məmmədovun iştirakı ilə 17 nəfər rəsmi zərərçəkmiş kimi tanınan Azərbaycan vətəndaşının mənafeyini, Prezidentin köməkçisi Fuad Ələsgərovun və baş prokuror Kamran Əliyevin şəxsi nəzarəti ilə aparılmış istintaqda müstəntiqlərin çəkdikləri zəhmətlərini dələduzun ayaqları altına ataraq onu məhkəmə zalından azadlığa buraxdılar”.

Müraciət müəllifləri ölkə rəhbərliyinə yazır ki, Bakı Apellyasiya Məhkəməsində baş verənlər məhkəmə sədri Mübariz Əkbərovun susqun razılığı ilə baş verib:

“Hamı bilir ki, məhkəmədə heç bir hakim sədrin göstərişi olmadan bu qədər hörmətli şəxslərin nəzarəti ilə aparılmış istintaq işini və 20-dən artıq vətəndaşın mənafeyini heçə sayıb beynəlxalq səviyyədə cinayətkar kimi tanınan və İnterpol vasitəsi ilə həbs olunan dələduzu məhkəmə zalından açıb buraxa bilməzdi. Biz belə düşünürük ki, burada Apellyasiya Məhkəməsi sədrinin şəxsi maraqları olub və o, görünür ədalətə xidmət etməli olduğunu unudaraq hakimlərə qanunsuz qərar qəbul etmək haqqında təzyiq göstərib. Xahiş edirik bu məsələni nəzarətə götürəsiniz və cinayətkarın dərhal həbs edilməsi, o cümlədən Azərbaycanın ədalət sisteminin imicinə ciddi zərbə vuran hakimlərin cəzalandırılması haqqında qərar qəbul edəsiniz. Bizim müraciət etdiyimiz ölkəmizin hüquq sisteminə rəhbərlik edən məsul şəxslərin ədalətli mövqeyinə böyük ümidimiz var. Gözləyirik ki, hüquq sistemimizə hörmətsizlik göstərən hakimlər yaxın günlərdə cəzalandırılacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
40
1
musavat.com

2Mənbələr