Son günlər Bakıda taksi xidmətlərinin qiymətində əhəmiyyətli eniş müşahidə edilir.
Bakuinfo.net-in Xəzər TV-yə istinadən verdiyi xəbərə görə, qiymət azalmasının əsas səbəbi bayram günlərində Bakını tərk edənlərin çoxluğu və bunun nəticəsində yollardakı tıxacların azalmasıdır.
Sərnişinlər bildirirlər ki, taksi qiymətlərində bu qədər enmə ilk dəfədir ki, müşahidə olunur. Sürücülər isə bu vəziyyəti müştəri azlığı ilə əlaqələndirirlər.
Taksi şirkətlərindən verilən açıqlamada bildirilir ki, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar Bakıdan bölgələrə kütləvi axın qeydə alınıb. Bu, şəhərdə tıxacların azalmasına və taksi xidmətlərinin daha sürətli və ucuz olmasına şərait yaradıb.
Mütəxəssislər qeyd edirlər ki, tədbir başa çatdıqdan sonra qiymətlərin yenidən artacağı gözlənilir. Hazırkı vəziyyət isə sərnişinlər üçün həm maddi, həm də vaxt baxımından sərfəlidir.