AZ

Bakıxanovda ölüm saçan kranın fəaliyyəti dayandırıldı 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış evlərinin arasında quraşdırılan, təhlükəli-qəzalı durumda olan qülləli kranın fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənaye İşlərinin Təhlükəsiz Görülməsi və Mədən Nəzarəti Dövlət Agentliyi (FHN) tərəfindən vətəndaşların müraciəti əsasında Sabunçu rayonunun Bakıxanov kəndində “Memarlıq Şəhərciyi 2021” MMC-nin tikinti işlərində istifadə olunan qüllə krana baxış keçirilib.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, baxış zamanı qüllə kranının istismarında insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən qayda pozuntuları aşkar edilib.

Kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı, o cümlədən texniki nəzarətin təşkili üçün məsul şəxslərin təyin olunmadığı, kranın iş layihəsinə uyğun istismar edilmədiyi müəyyən edilib. Aşkar edilmiş qanun pozuntularının dərhal aradan qaldırılmasının mümkünsüzlüyü, insan həyatı və sağlamlığı üçün təhlükə nəzərə alınaraq, qurumun əməkdaşları tərəfindən qüllə kranının istismarı dayandırılıb. Eyni zamanda, mülkiyyətçiyə aktın və pozuntuların aradan qaldırılması üçün qurumun qərarının surətləri təqdim edilib.

Xatırladaq ki, “Memarlıq Şəhərciyi 2021” MMC ötən il də qanunsuz addımları ilə gündəmə gəlmişdi.

O zaman təhlükəli kranın quraşdırıldığı ərazidə - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12,18 və 22 ünvanlarında yaşayan sakinlərin yolu qanunsuz olaraq kəsilmişdi.

Yüzlərlə vətəndaş öz evinə gedib-gələ bilmədiklərindən ölkə rəhbərliyinə, daxili işlər naziri Vilayət Eyvazova, fövqəladə hallar naziri Kamaləddin Heydərova, Ombudsman Səbinə Əliyevaya müraciət ünvanlamaqla onlara qarşı yaşanan qanunsuzluğun aradan qaldırılmasını istəmişdilər.

“Kimliyi belə naməlum olan şəxslər və ya şirkət tərəfindən göstərilən ünvanlarda mənzillərin məcburi qaydada satılması üçün bizə hədə-qorxular gəlməyə başlayıblar. Özlərini tikinti şirkətinin nümayəndələri kimi təqdim edən bu şəxslər məhlələrdə olan ağacları qanunsuz kəsiblər.

Yaşıllıqları məhv etməklə ekologiyaya ciddi zərər verdilər. Kimliyi naməlum olan bu şəxslərin özbaşınalığı bununla bitmir. Sanki dövlətdə qanun olmadığını hesab edirlər. Özbaşınalıqlar edən bu şəxslərə dur deyilməlidir. Bunlar bilmirlərmi ki, bu ölkənin sahibləri də var, qoruyanları da? Bunlara bu qədər özbaşınalıq etmək ixtiyarını kimlər verib? Bunlar kimlərə nə qədər rüşvət veriblər ki, belə sərbəst hərəkət edə bilirlər? Nəyə görə bizlər - azad və suveren dövlətin vətəndaşları Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin qəbuluna girə bilmirik? Bu icra başçısının birbaşa vəzifə borcu biz vətəndaşların problemlərini həll etmək olduğu halda ancaq rüşvətə işləyir və bizə borclu olduğunu unudur? İcra başçılarını təyin edən zaman cənab Prezidentimiz onlara xüsusi olaraq “vətəndaşlara xidmət edin, onların problemləri ilə yaxından tanış olun” deyə tapşırmadımı? Bəs nə üçün bu korrupsioner məmurlar gəldikləri günü belə tez unudurlar?

Biz tikinti şirkətinin qanunsuzluqları üzündən evimizdə rahat otura bilmirik. Hələ heç kimlə alqı-satqı müqaviləsi imzalamayıblar. Buna baxmayaraq, qanunsuz olaraq bütün binaların giriş-çıxışlarını tutublar, biz sakinlərin hərəkətinə ciddi maneələr yaradıblar. Kiminsə xəstəsi olsa, təcili tibbi yardım maşını və ya yanğın olsa, yanğından mühafizə xidməti məhəlləyə giriş edə bilməyəcək. Nə üçün rayon İcra Hakimiyyəti başçısı sakinlərin problemləri ilə maraqlanmır və bu məsələnin həlli üçün çalışmır?” - deyə sakinlər məktublarında qeyd edirdilər.

O zaman məsələyə müdaxilə edən Sabunçu İcra Hakimiyyəti sakinlərin gediş-gəliş yolunu açmışdı.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr