AZ

Qorxmaz Hüseynovun bağlandığı deyilən şirkəti cərimələndi

“Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynova məxsus olduğu bildirilən “Kaspian Biznes Menecment və Konsaltinq” MMC məcburi auditdən yayındığına görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

 

Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı açıqlanmayıb.

 

Qeyd edək ki, “Kaspian Biznes Menecment və Konsaltinq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Qurbanov Çingiz Ziyadxan oğludur. Amma mətbuatda dərc olunan məlumatlarda şirkətin “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynova məxsus olduğu bildirilir. Qorxmaz Hüseynov 2011-2021-ci illərdə “Azərsu”yun sədri olub.

 

“Kaspian Biznes Menecment və Konsaltinq” MMC su təchizatı, kanalizasiya və yağış suları üzrə sistemlərin, çirkab su təmizləyici qurğuların, yaşayış və inzibati binaların və s. obyektlərin mühəndis və memarlıq layihələrinin hazırlanması, mühəndis - geodeziya axtarışları ilə məşğul olur. İndiyədək şirkət tərəfindən Azərbaycanda, eləcə də Qırğızıstan və Gürcüstanda su təchizatı, kanalizasiya və yağış suları üzrə 90-dan çox layihə həyata keçirilib. Bu ilin əvvəlində şirkətin ləğv olunduğu barədə məlumatlar yayılıb.

Tarix: 15 Noyabr 2024, 14:43   
Seçilən
20
pravda.az

1Mənbələr