Bu il NARGIS Nəşriyyatı daha bir əhəmiyyətli ekoloji layihəyə start verir - “SIFIR TULLANTI”. Bu təşəbbüs tullantıların miqdarını azaltmaq, daha şüurlu istehlak və materialların yenidən istifadəsi yolu ilə ətraf mühiti qorumağı hədəfləyir. “SIFIR TULLANTI” layihəsi məsuliyyətli istehsal, istehlak, yenidən istifadə və resursların bərpasını özündə birləşdirir.
Oxuməni.az xəbər verir ki, bu sözləriAZƏRTAC-a eksklüziv müsahibəsində NARGIS jurnalının icraçı direktoru Müjgan Qafarzadə COP29 çərçivəsində NARGIS Pavilyonunu təqdim edərkən söyləyib.
M.Qafarzadə bildirib ki, “SIFIR TULLANTI” layihəsi çərçivəsində “Vəhşi Həyat” adlı fotosərgi təşkil olunub. Bu sərgidə Azərbaycanda müxtəlif bölgələrdən nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin dəvət edilmiş fotoqraf Aleksey Lyokin tərəfindən çəkilmiş şəkilləri nümayiş olunur. Layihə çərçivəsində, həmçinin təkrar emal olunmuş tullantılardan hazırlanmış mebellərin sərgisi təqdim edilib.
Bundan əlavə, NARGIS komandası tərəfindən şəhərin təmizlənməsi ilə bağlı aksiyalar keçirilir, Bakı məktəblərində ekoloji maarifləndirmə təlimləri təşkil olunur.
Onun sözlərinə görə, NARGIS Nəşriyyatı artıq beş ildən çoxdur ki, sosial və ekoloji təşəbbüslərə böyük önəm verir. “Bu müddət ərzində NARGIS insan fəaliyyətinin mənfi təsirlərini azaltmaq və istehlak mədəniyyətinə təsir göstərmək üçün cəmiyyətin maarifləndirilməsinə yönəlmiş bir sıra təşəbbüsləri uğurla həyata keçirib. Eyni zamanda, NARGIS dörd mühüm ekoloji sərgi təşkil edib - “Yeri gülməyə məcbur et” (2019), “Azalt, yenidən istifadə et, təkrar emal et, hörmət et” (2021), “Planet çağırır” (2022) və “Yaşıl ol” (2023)”. Məqsədimiz təbiətə qarşı məsuliyyət hissini aşılamaq və insanların maarifləndirilməsini təmin etməkdir. Bu gün Yeri qorumağa başlamaqla gələcək nəsillərə daha yaxşı həyat təmin edə bilərik. Bu, bir komanda işidir və hər birimiz məsuliyyət daşıyırıq!”, - deyə M.Qafarzadə əlavə edib.
Oxuməni.az