AZ

JBIC: "Qlobal çağırışlara töhfə verməkdə qərarlıyıq"

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (Japan Bank for International Cooperation - JBIC) karbon neytrallığına nail olmaqda və sosial məsələlərin həlli istiqamətində qlobal çağırışlara töhfə verməkdə qərarlıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Bankın Baş direktoru Nobumitsu Hayaşi COP29 çərçivəsində təşkil olunmuş “Çətinliklər və nailiyyətlər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, JBIC Avropadan fərqli olaraq təbii qaz layihələrinə, istər hasilat, istərsə də nəql sahəsində maliyyə dəstəyi göstərən azsaylı qurumlardan biridir.

Baş direktor qeyd edib ki, Asiya təbii qaz ehtiyacını daha kəskin hiss edir və bu sahədə layihələrə davamlı olaraq dəstək verilir. Eyni zamanda, bu layihələrin ekoloji cəhətdən daha təmiz, "yaşıl enerji" tələblərinə cavab verməsi üçün xüsusi diqqət ayrılır: “Ötən il COP28 çərçivəsində 3 milyard ABŞ dolları "yaşıl maliyyə" vəsaitini bir Milli Neft və Qaz Şirkətinə yönəltmək öhdəliyi götürdük. Həmin şirkət 2045-ci ilə qədər sıfır karbon hədəfini qarşıya qoyub və bərpa olunan enerji, hidrogen və ammonyakın inkişafı istiqamətində səylər göstərir. Bizim "yaşıl maliyyələşdirmə"miz bu cəhdləri dəstəkləyəcək. Bundan əlavə, Prezidentlə "yaşıl maliyyələşdirmə" sahəsində əməkdaşlıq memorandumu imzaladıq və bu istiqamətdə daha çox razılaşmalar üzərində işləyirik".

Qonaq 3 əsas sahədə "yaşıl maliyyələşdirmə"yə diqqət çəkib: "Bunlardan biri aşağı karbonlu texnologiyalardır. Yapon şirkətləri karbon tutma və saxlanma (CCS), metan monitorinqi (MRV) və sıfır qaz yandırılması texnologiyaları kimi qabaqcıl həllər təqdim edir və bu sahədə geniş əməkdaşlıq potensialı mövcuddur. 2-ci sahəbərpa olunan enerjidir. Yaponiya Avropa, ABŞ və Yaxın Şərq tərəfdaşları ilə sıx əməkdaşlıq edərək, metan, hidrogen və ammonyak kimi alternativ enerji yanacaqları üzərində innovativ layihələr həyata keçirir. 3-cü sahə enerji təminatıdır. Yaponiya enerji təminatçıları və idxalçıları arasında körpü rolunu oynayaraq, enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləyir".

O iqlim dəyişikliyi ilə mübarizədə dəyişikliklərin vacibliyini vurğulayaraq, COP29 görüşünün real addımlar atılması üçün əlavə təkan olacağına ümid etdiyini bildirib.

"Cebheinfo.az"

Seçilən
6
cebheinfo.az

1Mənbələr