AZ

COP29: Yaşıl gündəliyimiz Azərbaycanın müxtəlif bölgələrini əhatə edir

COP29 BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış etdi.Çıxış zamanı Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirib. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik.Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.

Daha sonra ölkəmizin başçısı qarşıya qoyulan planlar haqqında məlumatlar verib: bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir. Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq.Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.

Gunel Suleymanli,
98 nömrəli məktəbin müəllimi

Seçilən
23
ikisahil.az

1Mənbələr