AZ

Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır -ŞƏRH

Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur. Ceyhun Bayramov bildirib ki, orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırılacaq.

 Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır.

Siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a söyləyib ki, Ceyhun Bayramovun da dediyi kimi sözügedən məsələlər Vətən müharibəsi bitdikdən sonra imzalanan üçtərəfli razılaşmada qeyd olunub:

“Azərbaycanın Qərb rayonlarıyla Naxçıvan arasında əlaqələrin qurulması üçün beynəlxalq terminologiyada qəbul olunan Zəngəzur dəhlizinin açılmasına Ermənistan şərait yaratmalıydı. Lakin indiyə qədər Ermənistan tərəfi nəinki dəhlizin açılmasına şərait yaradıb, hətta bu istiqamətdə heç bir iş görməyib. Eyni zamanda həmin yolun texniki baxımdan hazırlanmasıyla bağlı da məlumatlara rast gəlinmir. Azərbaycan tərəfi isə işğaldan azad olunan ərazilərdə Ermənistan tərəfindən dağıdılan infrastrukturu bərpa edib. Ümumiyyətlə kiçik miqyaslı lakin böyük əhəmiyyətli işləri görməyən Ermənistanın belə açıqlamalar verməsi populizmdir. Hesab edirəm ki, İrəvan rəhbərliyi belə açıqlamar səsləndirmək əvəzinə real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır”.
Seçilən
43
sherg.az

1Mənbələr