AZ

"Cozef Borrellin Azərbaycan siyasəti fiaskoya uğradı" AÇIQLAMA

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell qərəzli siyasət aparmağa davam edir. O, Avropa İttifaqını "bağ", dünyanın qalan hissəsini isə "cəngəllik" kimi təsvir edib. Buna cavab olaraq Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu bəyanatın müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey olmadığını deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Azərbaycan neokolonializmə qarşı ən aktiv mübarizə aparan, təşəbbüslərlə çıxış edən bir dövlətdir.

"Birinci dəfə deyil ki, Cozef Borrell Azərbaycanla bağlı qərəzli mövqelər səsləndirir. Biz dəfələrlə şahidi olmuşuq ki, o, könüllü olaraq Azərbaycan ərazisini tərk etmiş ermənilərlə bağlı yanlış təsəvvürlər formalaşdırmağa çalışırdı. Azərbaycanı əsassız ittihamlara məruz qoyurdu. Bu baxımdan hesab edirəm ki, bu dəfə də Cozef Borrellin Azərbaycan Prezidentinin Fransa ilə bağlı dediklərinə reaksiyası tam qərəzli xarakter daşıyır. Çünki belə mötəbər bir tədbirdə dünyanı narahat edən bütün məsələlər müzakirə olunur və olunmalıdır. Bu olduqca önəmli bir platformadır. Dünyanın bir araya gəldiyi nadir qlobal tədbirlərdəndir. Ona görə də təbii ki, bu gün beynəlxalq səviyyədə narahatlıq, təhlükəsizliyə təhdid yaradan məsələlər ətrafında hər kəsin, hər dövlətin mövqeyi, yanaşması olmalıdır. Azərbaycan günümüzdə neokolonializmə qarşı ən aktiv təşəbbüslərlə çıxış edən, mübarizə platformasını formalaşdıran bir dövlətdir.

Ona görə də Azərbaycan bütün istiqamətlərdə qlobal rifaha olduğu kimi, neokolonializmlə mübarizə sahəsinə də töhfə verməkdədir və Azərbaycan mövqeyi ondan ibarətdir ki, heç bir halda neokolonializmə yol vermək olmaz. Bu, bəşəriyyət, xalqlar üçün çox təhlükəlidir. Azərbaycanda, kolonial siyasətin qurbanı olan xalqların hüquqlarının qorunması istiqamətində olduqca cəsarətli addımlar atır, təşəbbüslərlə çıxış edir".

Ekspertin sözlərinə görə, Cozef Borrell neokolonializm siyasətinə haqq qazandırır.

"Cozef Borrellin yanaşması həm də ona dəlalət edir ki, bilmədən və yaxud da ki, bilərəkdən neokolonializm siyasətinə haqq qazandırır. Cozef Borrell dəfələrlə ermənilərin hüquq-haqlarından danışır, amma son yanaşması ilə başqa bir coğrafiyada xalqların hüquqlarına biganə yanaşdığını nümayiş etdirir. Yəni Azərbaycanın yanaşması, digər coğrafiyalarda elə Avropanın özündə xalqların hüquqlarının qorunması təşəbbüsləri ilə çıxış etmək, bu istiqamətdə praktiki addımlar atmaqdan ibarətdir və Azərbaycanın bu mövqeyinə qarşı gəlmək, dolayısı ilə elə onların xalqların haqlarının tapdanmasına yeni kolonializm siyasətinə haqq qazandırmaq kimi dəyərləndirilə bilər. Bu baxımdan hesab edirəm ki, bu, Azərbaycanın üzərinə COP ərəfəsində növbəti əsassız və fiasko bir hücum idi. Amma bizdə artıq belə hücumlara qarşı kifayət qədər ciddi immunitet yaranıb. Bizim yolumuz haqq yoludur. Biz dünyada haqqın, ədalətin təmin olunmasına qorunmasına xidmət edən təşəbbüslər irəli sürürük, addımlar atırıq".

Türkan İSGƏNDƏRLİ

Seçilən
51
redaktor.az

1Mənbələr