1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən park təmirdən sonra yeni evlənənlərin və sakinlərin ixtiyarına verilib.
Oxu.Az xəbər verir ki, söhbət 1912-ci ildə milyonçu Murtuza Muxtarovun öz xanımı üçün tikdirdiyi sarayın, indiki Səadət Sarayının qarşısında yerləşən parkdakı "Səadət" mozaikasından gedir.
Parkın maraqlı tarixçəsi var. Hələ ötən əsrin 70-ci illərində üç sənətkarın - Xalq rəssamı Sirus Mirzəzadə, Əməkdar rəssamlar Rəşad Heydərov və Arif Ələsgərovun birgə hazırladıqları böyük mozaika o zaman 540 kvadratmetrlik parkın iç divarına həkk olunubmuş. Mozaikanın qarşısındakı fəvvarədə isə "qoşa nişan üzüyü" rəmzi yerləşdirilibmiş. Səadət sarayında nikah kəsdirən cütlüklər parka gələrək həmin mozaika qarşısında fotolar çəkdirirmişlər. Beləcə, o mozaika uzun illər bəy və gəlinlərin fotosessiyalarını bəzəyib.
Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı Abadlıq Xidməti tərəfindən həmin park yenidən qurulub.
Mozaika üzərində iş artıq tamamlanıb. Yeni layihəyə görə park yenidən dizayn olunub, istirahət etmək istəyənlər üçün skamyalar qoyulub, yaşıllaşdırma işləri aparılıb. Beləliklə, Səadət Sarayında ailə quran gənclər fotosessiya üçün uzaq məkanlara getməyəcəklər, sarayın düz qarşısındakı əlvan mozaika gənc ailələrin ilk fotolarında "photo backdrop" kimi əks olunacaq.
Əzizə İsmayılova