AZ

Dünyaya ən az neft satan ölkə- "yanan da biz, yaman da biz"...

Image

Şakir Ağayev: “Bütün bunların arxasında Azərbaycana qarşı qərəzli siyasət dayanır”

Bildiyimiz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın ev sahibliyi ilə keçirilməsini bəzi Qərb dövlətləri, bəzi mərkəzlər, media qurumları həzm edə bilmir və müxtəlif vasitələrlə, qərəzli informasiyalar yaymaqla ölkəmizin bu vacib işinə kölgə salmağa çalışırlar. 

Azərbaycanı haqsız yerə neft ölkəsi adlandırırlar. Belə iddialar irəli sürənlərin cavabını ölkə başçısı İlham Əliyev dəlillərlə, faktlarla verib. 

“…Sadəcə bir informasiya ilə başlamaq istərdim. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10-15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü.

Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”. Bu fikirləri noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev bildirib. 

Dünyanın bəzi dövlətləri, bəzi siyasi mərkəzləri tərəfindən Azərbaycanın neft dövləti kimi qələmə verilməsinin arxasında hansı niyyət dayanır? 

“Azərbaycanı nüfuzdan salmaq üçün həmin ölkələrin mediası…”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan  məqsədli şəkildə neft dövləti adlandırılır. “Azərbaycanın  ümumiyyətlə, dünya neft bazarında payı 0,7 faizdir. Bu isə çox kiçik bir rəqəmdir. Qaz istehsalında isə bazarda payı 0,9 faizdir. Bu da həmçinin kiçik rəqəmdir. Düşünülmüş surətdə Azərbaycan belə qələmə verilir. Bu, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsidir. Təsəvvür edin ki, bu ölkələrin mediası Azərbaycanı qaralamaq üçün hər cür yalana, saxtakarlığa əl atır, dezinformasiya yaymaqla məşğul olur.

Bilirsiz ki, COP28 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirildi. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan qat-qat çox neft istehsalçısıdır. COP-un 28-i neft ölkələrində olub. Yenə Braziliyada olacaq. COP29 - un Azərbaycanda keçirilməsinə qara yaxmaq, ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə Azərbaycana qarşı bu cür qərəzli ifadə işlədilir ki, Azərbaycan "neft ölkəsidir". Başda Fransa olmaqla, Avropa İttifaqı dövlətlərinin hamısının apardığı siyasət belə idi ki, COP29 Azərbaycanda keçirilməsin. Məqsədləri COP29-un mahiyyətini, əhəmiyyətini aşağı salmaq, azaltmaq idi. Azərbaycanı nüfuzdan salmaq üçün həmin ölkələrin mediası təkcə ölkəmizi "neft dövləti" adlandırmadı, eyni zamanda başqa qərəzli ittihamlar da irəli sürdülər. Qondarma məsələləri gündəmə gətirdilər. Bütün bunlar hamısı bir məqsədə xidmət edirdi ki, bütün qarayaxma üsullarından istifadə edib Azərbaycanı gözdən salsınlar. Həmişə qeyd etmişəm ki, bu tədbir təkcə Azərbaycanın tədbiri deyil, bu qlobal bir tədbirdir və ölkəmiz böyük uğurla bu tədbirə ev sahibliyi edir”. 

Ş.Ağayev qeyd etdi ki, COP neçə gündür davam edir, burada müxtəlif tədbirlər çox yüksək cəviyyədə təşkil olunub, 80-dən artıq ölkənin ali rəhbərləri, prezident və vitse-prezidentləri, baş nazirləri burada iştirak edir, fikir bildirir. 

“Qərb ölkələri və onların mətbuatının həyata keçirdiyi dezinformasiya müharibəsi məğlubiyyətə düçar oldu, onlar istədiklərinə nail ola bilmədilər.

Onların Azərbaycana qarşı qərəzinin səbəbi aydındır. Bunlar antiazərbaycan qüvvələrdir. Təbii ki, bütün bunların arxasında Azərbaycana qarşı qərəzli siyasət dayanır. Amma onlar heç nə əldə edə bilmədilər”-deyə Ş.Ağayev qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
36
baki-xeber.com

1Mənbələr