AZ

Böyük Qələbə və milli birliyin simvolu » AzadMedia.az



Məşhur Məmmədov
Milli Məclisin deputatı


Zəfər Parkının açılışı və Prezident İlham Əliyevin bu münasibətlə etdiyi çıxış, Azərbaycanın müstəqilliyinin və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əbədiləşdirilməsi yolunda atılmış növbəti mühüm addımdır. Bu park, xalqın və ordunun göstərdiyi qəhrəmanlığın, eyni zamanda ölkənin gələcəyə olan inamının parlaq ifadəsidir.

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Müharibə dövründə döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan azad edildi və düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Belə qısa müddətdə ərazilərimizin düşməndən azad edilməsi şanlı ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və dövləti bu işğalla heç vaxt barışmırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev güclü ordu yaratdı, iqtisadi inkişafı təmin etdi, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almadıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, xalq-iqtidar birliyi, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Cəmi 44 gün ərzində düşmənin müdafiə xəttlərini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran qəhrəman övladlarımız bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Bu gün bütün dünya “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək.

Prezident İlham Əliyevin Bakıda Zəfər Parkının açılışında etdiyi çıxış, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini bir daha vurğuladı və Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və xalqın qüruru uğrunda apardığı mübarizənin simvoluna çevrildi. Bu park, Azərbaycanın azad edilmiş torpaqlarında qazandığı böyük Zəfəri və ölkənin gələcək nəsilləri üçün mühüm bir tarixi yaddaş olaraq əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Zəfər Parkı, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun şərəfinə salınmışdır. Bu park, xalqın birlik və iradəsinin göstəricisi olmaqla yanaşı, gələcək nəsillərə Azərbaycanın haqlı mübarizəsini xatırladacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bu park Azərbaycan xalqının Qələbəsinin, milli iradənin və əsgərimizin şücaətinin əbədi simvoludur.

Ali Baş Komandan, müharibənin gedişatına və onun tarixi əhəmiyyətinə diqqət çəkərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazilərini işğaldan azad etdiyini vurğuladı. O, Azərbaycanın hərbi və diplomatik sahələrdə nümayiş etdirdiyi üstünlüyü bir daha xatırlatdı və bu Qələbənin təkcə hərbi deyil, həm də milli qürurun zirvəsi olduğunu qeyd etdi.

Prezident İlham Əliyev müharibə dövründə xalqın göstərdiyi həmrəyliyi xüsusi vurğuladı. Azərbaycan xalqının müharibə zamanı sıx birləşməsi, Ali Baş Komandan “Dəmir yumruq” ifadəsi ilə simvollaşıb. Bu birlik, Qələbənin əldə edilməsində əsas rol oynadı və bu gün də ölkənin inkişafında mühüm amildir.

Zəfər Parkının açılışı zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən də bəhs etdi. O qeyd etdi ki, bu ərazilər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş regionlarına çevriləcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Park, həm də Azərbaycanın sülhə və yenidənqurmaya verdiyi önəmi göstərir.

Cənab İlham Əliyevin çıxışı, həmçinin beynəlxalq ictimaiyyətə bir mesaj idi. O vurğuladı ki, Azərbaycan heç bir zaman öz ərazi bütövlüyündən vaz keçməyib və haqq-ədalətin bərpası üçün mübarizəsini davam etdirəcək. Bu park, dünya ictimaiyyətinə Azərbaycanın ədalətli mövqeyini və tarixi qələbəsini nümayiş etdirən mühüm bir abidədir.
Seçilən
44
6
azadmedia.az

7Mənbələr