AZ

Tramp administrasiyasındakı Mask elektrik nəqliyyatı sahəsinə təhlükə yaradır - "Politico"

Donald Trampın administrasiyasında baş məsləhətçi vəzifəsi İlon Maska elektromobil bazarına yanaşmasını formalaşdırmaq üçün böyük imkanlar verir. Bu qərar "Tesla"ya rəqibləri qarşısında üstünlük verəcək.

Valyuta.az "Politico"ya istinadən xəbər verir ki, İlon Mask dövlət müqavilələrindən gəlir əldə etməklə yanaşı, öz şirkətləri üçün böyük üstünlüklər qazanacaq. Belə ki, "SpaceX" şirkəti dövlət sifarişlərindən xeyli fayda götürərkən, "Tesla" elektromobillər üçün yükləmə cihazlarının tikintisi üzrə federal vəsaitlərin ən böyük alıcısı olacaq.

Maskın həmçinin ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsinin (NHTSA) xərclərinə təsir göstərə biləcəyi bildirilir. İdarə hazırda "Tesla"nın avtonom idarəetmə texnologiyasında mövcud problemlərlə əlaqədar araşdırma aparır.

Donald Trump seçki kampaniyası zamanı Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) elektromobillərin geniş tətbiqini təşviq edən tələblərini ləğv etməyə söz vermişdi. O, həmçinin o Bayden administrasiyasının elektromobil (EV) alıcılarına təqdim etdiyi 7500 dollarlıq vergi kreditini kəskin tənqid etmişdi.

İlon Mask isə bazarın dövlət dəstəyi və subsidiyalardan məhrum olacağı təqdirdə "Tesla"nın rəqiblərinə qarşı üstünlük qazanacağını bildirmişdi. Son zamanlar "Tesla" Bayden administrasiyasının federal elektromobil yükləmə şəbəkəsinin yaradılması layihəsi çərçivəsində əsas benefisiarlardan biri olub. Fevral ayına olan məlumata görə, "Tesla"nın "Supercharger" stansiya şəbəkəsi 2021-ci ildə qəbul edilən ikipartiyalı infrastruktur qanunu çərçivəsində 17 milyon dollardan çox qrant əldə edib. "Tesla" bu qanun əsasında maliyyələşdirilən digər şirkətlərlə müqayisədə daha çox yükləmə stansiyası quraşdırıb.

Maskın yeni mövqeyi, Tramp administrasiyası EPA-nın Kaliforniyaya avtomobil tullantılarına dair öz qaydalarını tətbiq etmək hüququnu ləğv etməyə çalışacağı təqdirdə, onunla ziddiyyətə səbəb ola bilər. Bu qaydalar "Tesla" üçün dövlət dəstəyinin əsas mənbələrindən biridir.

Kaliforniya Hava Resursları Şurası avtoprodüserləri sıfır tullantılı avtomobillər istehsal etməyə təşviq etmək üçün məhdud sayda kreditlər təqdim edir. Yalnız belə avtomobillər istehsal edən "Tesla" bu kreditləri öz hədəflərinə çatmayan digər avtomobil istehsalçılarına satır. Təkcə ötən rüb ərzində bu kreditlər "Tesla"ya 739 milyon dollar gəlir gətirib.

Əgər Tramp administrasiyası Kaliforniyanın avtomobil tullantılarını tənzimləmək hüququnu ləğv edərsə, "Tesla"nın bu gəlir mənbəyi tamamilə yox ola bilər.

Paşa Məmmədli

Seçilən
27
valyuta.az

1Mənbələr