AZ

"Bude/Qlimt" üzərində qələbə "Qarabağ"ın özünəinamını qaytardı" - böhran bitdi?

"Qarabağ" Avropa Liqasının ilk üç turunda ağır məğlubiyyətlər yaşamaqla azarkeşlərinin ürəyinə qorxu salmışdı.

Vəziyyət o həddə çatmışdı ki, əksəriyyəti "köhlən atlar"ın turnirin pley-off mərhələsinə vəsiqə qazanmayacağını düşünürdü. Üstəlik komandanın premyer-liqa matçlarındakı məhsuldarlığı da aşağı idi.

Hər halda, "Bude/Qlimt" üzərində qazanılan qələbə (2:1) nəinki “Qarabağ” tərəfdarlarını, ümumiyyətlə, futbol ictimaiyyətini xeyli ümidləndirdi. İndi Ağdam təmsilçisinin Avropa Liqasında xal ehtiyatını artıracağına inananlar çoxdu. Həmçinin komanda Misli premyer-liqasının 13-cü turunda "Zirə"ni böyük hesabla məğlub etməklə (4:0) ölkə çempionatıyla bağlı öhdəliklərini də gözardı etmədiyini göstərdi.

Bəs bu qələbələri "Qarabağ"ın çətin günlərini geridə qoymasına yozmaq mümkündümü? "Köhlən atlar" həm avrokuboklarda, həm də premyer-liqada uğurları sıralaya biləcəkmi?

Bu suallarla təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Təbii ki, "Bude/Qlimt" üzərində qələbə "Qarabağ"ın özünəinamını qaytardı. Oyundan əvvəl bu haqda danışarkən bildirmişdim ki, komanda Norveçdə üç xal qazansa, daha güclü və qarşısıalınmaz olacaq. Ardınca "Zirə"nin məğlub edilməsi həmin prosesin davamı idi. Göründüyü kimi, "Qarabağ" özünə gəlməyə başlayıb. Onsuz da Ağdam təmsilçisi bəzən eniş yaşayır və bu, qısamüddətli olur. Məncə, artıq çətin dövr arxada qaldı. Komanda növbəti matçlarda daha yaxşı, inamlı və əzmkar mübarizə aparacaq. Buna xüsusilə Avropa Liqasında şahidlik edəcəyik. Zədəlilərin və cəzalıların sıraya qayıtması hər şeyin daha yaxşı olmasına şərait yaradacaq. Buna inanırıq".

KƏNAN BAHADIR
Seçilən
29
football-plus.az

1Mənbələr