AZ

APA 20 yaşını qeyd edir

“Azəri-Press” Agentliyinin (APA) yaranmasından 20 il keçir.

Demokrat.az bildirir ki, “Azəri-Press” Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.

Agentlik Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan və İranda ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər.

Bu 20 ildə APA tək addımlamayıb. Onun yoldaşları – Lent.az , Vesti.az, Kulis.az və APA TV-dir.

Hazırda APA.az və APA TV COP29 tədbirində ən fəal və keyfiyyətli xəbər xidməti göstərən media strukturlarındandır. Hər gün COP29 sammitindən özəl xəbərlər, açıqlamalar, müsahibə və reportajlar hazırlayır. APA-nın materialları xarici mediada vaxtaşırı istinadla dərc edilir.

Qeyd edək ki, “APA-Holding” MMC-nin prezidenti əməkdar jurnalist Vüsalə Mahirqızıdır. O, “APA” yaradılan gündən bu müəssisəyə rəhbərlik edir.

Demokrat.az kollektivi başda Vüsalə Mahirqızı olmaqla APA kollektivini yubiley münasibəti ilə təbrik edir, işlərində uğurlar arzulayır!

Seçilən
40
demokrat.az

1Mənbələr