“Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və "Gəncliyin Elmi-Mədəni İnkişafı" ictimai birliyinin sədri Sərdar İsgəndərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə davam etdirilir.
Pravda.az-ın əldə etdiyi məlumata görə, iclas Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə 2025-ci ilin iyanvarın 8-nə təyin edilib.
Qeyd: Rəsmi məlumata görə, Azərbaycanın ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz sığınacaq almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. "Gəncliyin Elmi-Mədəni İnkişafı" ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycanən vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onlara şərti cəza verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.
Kamal Məmmədov