AZ

Həbsdə olan şəxslərin valideynlərini aldadan şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Yamən Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin (CM) 32.4,312.2-ci (Rüşvət verməyə təhrik etmə) maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası təmin olunub. Yamən Məmmədovun barəsində CM-in 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilib və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. Yamən Məmmədov dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.

 

İttihama görə, Yamən Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində məhkəmə baxışında olmuş cinayət işi üzrə CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxslərin valideynlərinə qarşı dələduzluq və rüşvət verməyə təhrik edib. 

 

Belə ki, o, Zəminə Əsədova və Kamil Səfərovun (hər ikisinin ad, soyadı şərtidir) övladlarını cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ildə ümumilikdə 36 496 manat pul alıb. Yamən həmin şəxslərə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib, məhkəmə və hüquq mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanına malik olduğunu yalandan bildirib.

 

Sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlər tərəfindən şikayət olunub. 

 

Kamal Məmmədov

 

Tarix: 16 Noyabr 2024, 09:10   
Seçilən
28
pravda.az

1Mənbələr