AZ

Bank-maliyyə sisteminin “yaşıl” yol xəritəsi

“Yaşıl Taksonomiya” sənədi dayanıqlı maliyyə ekosisteminin formalaşmasını təmin edəcək

Mərkəzi Bank (MB) “Yaşıl Taksonomiya” sənədini təsdiqləyib. “2023-2026-cı illər üzrə dair Dayanıqlı Maliyyə Yol Xəritəsi”ndə müəyyən edilmiş əsas hədəflərdən biri kimi nəzərdə tutulan maliyyə taksonomiyasının hazırlanmasında dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar və digər tərəfdaşlar iştirak edib, onların rəy və təklifləri nəzərə alınıb. Sənəd maliyyə-bank, sığorta və digər iqtisadi sektorlar üzrə “yaşıl fəaliyyət”in istiqamətlərini əks etdirməklə bu sahələrdə texniki təsnifat meyarlarını müəyyənləşdirir. “Yaşıl Taksonomiya” özəl sektorda biznes fəaliyyətlərinin yeni mühitə uyğun prinsiplərə uyğunlaşması, dünyada geniş vüsət alan “yaşıl iqtisadiyyat” və rəqəmsal quruculuğa dayanıqlı keçid strategiyalarının hazırlanması üçün də konsepsiya rolunu oynayacaq.

“Yaşıl Taksonomiya” ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı önə çıxan layihələrə dəstək verilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrə maliyyə köməkliyinin göstərilməsinə xidmət edəcək.

“Yaşıl istiqraz” və “yaşıl səhm”lərə keçid

Taksonomiya fəlsəfəsi COP çağırışlarından meydana gələn yaşıl prinsiplərə əsaslanır və ekoloji fayda verməklə, həm də dayanıqlı iqtisadiyyatın inkişafına kömək edir. Məhz bu çağırışlara xüsusi önəm verən MB 2024-cü il başlayandan başlıca istiqamətlərdən biri kimi ölkədə dayanıqlı maliyyə infrastrukturunun yaradılması və bank sisteminin yaşıl ekosisteminin formalaşması istiqamətində fəal çalışıb, COP29 ilində bu fəaliyyət daha da şaxələndirilib. COP29 sammiti günlərində təsdiqlənən sənədin icrasında xarici bank tərəfdaşlarının dəstək verməsi üçün də yaxşı zəminlər formalaşmış olur.

Taksonomiya baxışlarına əsasən, bank və maliyyə bazarının iştirakçıları dünyada tətbiq edilən “yaşıl maliyyə” alətlərinin ölkəmizdə tətbiqində səy və m?suliyyətlərini artıracaq. Yaxın illərdə bank sektoru fəaliyyətini daha çox “yaşıl maliyyə” təminatlarına yönəltməli olacaq. “Yaşıl maliyyə” arxitekturasının qurulması isə böyük həcmdə sərmayələr tələb edir. Hazırda dünya bank sektoru bu vəsaitləri müxtəlif alətlərlə təmin etməyə çalışır. Həmin alətlərdən biri “yaşıl istiqrazlar”dır. Azərbaycanın bank sistemi üçün də bu istiqrazların emissiyası vacib hesab edilir və bunun üçün qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. “Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xususi ekoloji layihələri dəstəkləmək və sosial və ətraf muhitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək uçun sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə  öz səmətəsini verməkdədir.

“Yaşıl maliyyə” alətlərindən biri olan “yaşıl səhm”lər də ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində emissiya edilən səmərəli maliyyə alətidir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında “yaşıl səhm”lərin son 4 ildə emissiyasının 230 milyard dolları ötdüyü qeyd olunur. Hazırda Dunya Bankı “yaşıl istiqraz” və “yaşıl səhm” buraxılışında əsas maliyyə institut və emitent kimi fəallığını daha çox artırmaqdadır. Bank son 5 ildə 200 milyard dollara yaxın istiqraz emissiya edib. Bu layihələrin Azərbaycanın bank sisteminə gətirilməsi nəzərdə tutulur.

Dünya Bankı “Yaşıl Taksonomiya”ya dəstək verəcək

“Yaşıl Taksonomiya” sənədinin hazırlanmasında Dünya Bankı (DB) Azərbaycana öz dəstəyini göstərib. Bu baxımdan DB ilə Azərbaycan arasında qarşıdakı əməkdaşlıq mərhələsində “yaşıl maliyyə” layihələrinin icrası üçün də əlverişli fürsətlər yaranacaq. Bankın ekspertləri ölkəmizdə “yaşıl maliyyə” alətlərinin tətbiqi üçün zəruri köməkliyi göstərməyə hazır olduğunu bəyan edib. Bu istiqamətdə cari il ərzində əməkdaşlıq çərçivəsində “yaşıl istiqrazlar” üzrə qabaqcıl ölkələrin təcrübələrinin, o cümlədən dayanıqlı “yaşıl maliyyələşmə” sahəsində müasir yanaşmaların respublikamızın maliyyə sektoruna gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.

Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) sənədinin də əsas prioritetlərdən biri məhz iqlim dəyişikliklərinə qarşı mübarizə, “yaşıl iqtisadiyyat” və “yaşıl maliyyə”  sahəsində yeni layihələrin icrasıdır. Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani qeyd edib ki, ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, COP29 tədbiri ilində Azərbaycanın yaşıl sektorlarına sərmayə qoyuluşları nəzərdən keçiriləcək və bankın donorluğu təmin olunacaq.

Asiya Bankı da taksonomiyaya qoşulacaq

DB Azərbaycanda 760 MVt gücündə günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri infrastrukturunun genişləndirilməsi, “yaşıl hidrogen” istehsalı və digər bərpa olunan sahələrə investisiyaların qoyuluşunda açıq olduğunu bəyan edib. Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri ilə bağlı beynəlxalq koalisiyanın təşəbbüslərini yüksək dəyərləndirən DB xarici təşkilatlarla birgə bu proqrama qoşulmaq niyyətini də istisna etmir. Belə ki, 2024-cü il martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında qəbul edilən “yaşıl enerji” qərarlarını dəstəkləyən əsas institutlardan biri də Dünya Bankı olub.

Dünya Bankı ilə yanaşı, bu maliyyə qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanla birgə nəzərdə tutulan layihələr çərçivəsində “yaşıl hidrogen” təşəbbüslərinə dəstək verəcək. Eləcə də, Asiya İnkişaf Bankı bərpa olunan enerji ekosisteminin və yaşıl sənaye layihələrinin icrasında donor köməyini göstərəcək, Azərbaycanın bank və maliyyə sistemi ilə əməkdaşlıq edəcək. Beləliklə, “Yaşıl Maliyyə Taksonomiyası” ölkəmizin maliyyə sisteminin “yaşıllaşdırılmasında” mühüm rol oynamaqla güclü ekosistemin qurulmasına imkan verəcək.

ELBRUS CƏFƏRLİ

Seçilən
64
yeniazerbaycan.com

1Mənbələr