AZ

Paxıllıq

Bəlkə, siyasi riyakarlıq?

2012-ci ilin mayında “Evrovision” mahnı müsabiqəsi, 2015-ci ilin iyununda ilk Avropa Oyunları və nəhayət, 2024-cü ilin noyabrında tarixə “maliyyə COP-u” kimi düşəcək BMT-nin İqlim Sammiti Azərbaycanın çağdaş salnaməsinın parlaq səhifəsidir. Bu beynəlxalq tədbirlər, sadəcə, keçirildiyi ünvana görə deyil, həm də miqyasına və yüksək təşkilatçılıq qabiliyyətinə görə ev sahibinin dünyaya taybatay açılan qapılarıdır.

Artıq Azərbaycan ermənilərin ideoloji diversiyası və informasiya blokadasından əziyyət çəkən 30 il əvvəlki dövlət deyil. Xaricdəki erməni diasporunun, haylara dəstək verən “kollektiv Qərbin” feyk-təbliğat mirajından qurtulacağımız, qəddimizi dikəldib dünyanın gözünün içinə dik baxacağımız məqam gəlməli idi. Bu gün hər bir azərbaycanlı qürurla həmin tarixi məqamın sevincini yaşayır.

* * *

BMT-nin Bakıda keçirilən İqlim Sammiti planetdə zülmün və ayrı-seçkiliyin kim tərəfindən idarə olunduğunu dünyaya bir daha xatırlatmaq üçün ən mötəbər tribuna, əlverişli fürsət oldu. Alternativ enerji ilə “yaşıl dünyaya” keçidin konturlarının müəyyən edildiyi COP29 həm də bu məqsəd üçün əla platformadır. Axı, bəşəriyyətin problemləri bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil. Burada insanların, dövlətlərin təbiətə münasibəti məsələsi daim ön plandadır. Tarix sübut etdi ki, müstəmləkə təkəbbürü təkcə siyasi repressiyalara deyil, həm də ekoloji fəlakətlərə gətirib çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışında Qərbin bəzi dövlətlərini, Avropa institutlarını ədalətli tənqidə məruz qoydu. Konkret olaraq Fransanın, Niderlandın Afrikada, Okeaniyada neokolonialist siyasətlərinə, kiçik ada dövlətlərin iqliminə və insanlarına tutduqları divandan danışdı. Dövlətimizin başçısının çıxışı Parisin, Amsterdamın, eləcə də Brüsseldə Avropa İttifaqının çətiri altına toplaşmış bəzi siyasi liderlərin dünyagörüşlərindəki paradiqmaların dəyişilməsi dövrünün çatmasına işarə idi. Artıq Kainatın mərkəzi rolunu oynamaq mərhələsini adlamış həmin siyasilərə işarə təkcə Bakıdan, qlobal Cənub ölkələrindən deyil, eyni zamanda, bu düşərgənin tərəfdaşı olan Vaşinqtondan verilir.

Siyasi korrupsiyanın simvoluna çevrilmiş Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) günahsız insanların qətlinə görə Makron hökuməti ilə eyni məsuliyyəti bölüşürlər. Azərbaycan liderinin Avro İttifaqının xarici siyasət qurumunun rəhbərinin irqçi dünyagörüşünü dünyaya xatırlatması isə kiçik ada dövlətlərinin sammitdə iştirak edən nümayəndələrinin alqışları ilə müşayiət olundu: “Avropa İttifaqının baş diplomatı Cosep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, Avropa Parlamentindən və AŞPA-dan başqa nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, o zaman bizdən uzaq durun və işimizə qarışmayın”.

* * *

Artıq Avropadan Azərbaycan Prezidentinin kəskin çıxışına reaksiyalar eşidilməkdədir. “Prezident Əliyevin Fransa və Avropaya qarşı bəyanatları qəbuledilməzdir”. Bunu Fransanın ekoloji keçid naziri Agnes Pannier-Runaçer parlamentdə çıxışı zamanı deyib. “Ölkəmizə, onun qurumlarına və ərazilərinə (?) birbaşa hücumlara haqq qazandırmaq mümkün deyil. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədən öz maraqları üçün istifadə edir ki, bu da məqbul sayılmır. Həmin hücumlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının davranış kodeksinin açıq şəkildə pozulmasıdır. Bu, cavabsız qalmayacaq”. Siyasi hikkəsini və yersiz hiddətini bu şəkildə büruzə verən nazir gələn həftə Bakıya planlaşdırılan səfərdən imtina etmək qərarına gəldiyini bildirib.

Növbəti reaksiya Azərbaycan Prezidentinin çıxışında adını çəkdiyi Aİ-nin baş diplomatından gəldi. Cozep Borrell ona ünvanlanan iradları diqqətdən kənarda qoymayıb, onlara özünə xas “diplomatik tərzdə” cavab vermək qərarına gəlib: “Prezident İlham Əliyevin Aİ, Fransa və Niderlanda qarşı ittihamları son dərəcə təəssüf doğurur. Bu qəbuledilməz bəyanatlar iqlim dəyişikliyi konfransının əsas məqsədlərini və Azərbaycanın COP29-da sədrliyinin etibarını sarsıtmaq riski daşıyır. Biz Fransa və Niderlandı dəstəkləyirik”.

C.Borrellin ermənilərə sevgisi bizə çoxdan məlumdur. Onun rəsmi Parisin tapşırığı ilə İrəvana səfərləri, Ermənistanın Azərbaycanla sərhədinə yerləşdirdikləri Aİ-nin adı mülki missiya, əslində, kəşfiyyatçı emissarları ilə görüşləri və həmin görüşlərdən sonra ölkəmizə qarşı təxribatçı bəyanatları barədə yazmışıq. Aİ-nin baş diplomatı indi də eyni ampluadan çıxış edir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “X” səhifəsində digər məsələlərlə yanaşı, Aİ-nin xarici siyasət xidmətinin ismarıclarına, bütövlükdə, bu qurumun COP29-a ikili standartlara söykənən mövqeyinə münasibət bildirib: “Oxşar şəkildə, Aİ üzvü olan bəzi ölkələrin liderləri digər dövlətləri COP29-da iştirakdan çəkindirmək üçün öz diplomatik şəbəkələrindən istifadə ediblər. Bu yolla siz COP prosesinə inamı sarsıtmağa çalışdınız. Amma göstərdiyiniz bütün cəhdlər boşa çıxdı”.

Bəli, Azərbaycana qarşı onun opponentlərinin çoxsaylı və çeşidli qarayaxma kampaniyası, qara piarı tam fiaskoya uğradı və COP29-a gəlmiş iştirakçıların sayı və coğrafiyası “düşmən bağrı çatladır”. İndi maraq doğuran məqam ondan ibarətdir ki, həmin anti–Azərbaycan qaragüruhu “hücum taktikası”ndan müdafiə formasına keçməyə məcbur olub. Parisdən və Brüsseldən verilən reaksiyalar məhz bunun isbatıdır.

* * *

Bundan sonra avropalıların adından danışan “kollektiv Qərb” Bakıdan aldıqları dərsi yaxşı öyrənməli, yüksək tribunalardan başqa ölkələri təhqir etmək vərdişlərini unutmalıdırlar. Çünki bütün müstəvilərdə mövqeləri laxlamış siyasilərin daha bunu etməyə haqları yoxdur. Aydın məsələdir ki, həmin qaragüruh Bakıda qurulmuş planetar tribunadan ünvanlarına belə kəskin tənqidi gözləmirdi.

Mövzu ilə bağlı XQ-yə açıqlamasında Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov Avropanın məlum dairələrindən Azərbaycana qarşı başladılan gözdənsalma kampaniyasını ağılsızlıq adlandırdı: “Orda nə danışmalarından, nə yazmalarından asılı olmayaraq Azərbaycan beynəlxalq nüfuzunu və gücünü bir daha nümayiş etdirdi. Ermənipərəst qüvvələrin yazdıqlarını planetin sıfır tam yüzdə bir faizi belə oxumayıb. Amma dünyanın nüfuzlu telekanallarında yayımlanan reportajlarda tamaşaçıların seyr etdiyi mənzərədə Bakı Avropanın müasir, zəngin şəhəri kimi təsvir edilir. Azərbaycan paytaxtına gələn insanlar bütün bunları öz gözləri ilə görürlər. Mən COP29-un nümayəndələrini nəzərdə tuturam. Təbii ki, həmin qonaqlar uzaq Qərbdə kiminsə nəsə danışdığına, yazdığına deyil, gözləri ilə gördüklərinə inanırlar. Düşünürəm ki, o qüvvələr öz fəaliyyətlərini davam etdirəcəklər. Amma Azərbaycan artıq bu cür təmayüllərə qarşı mübarizə aparmağın yolunu və üsulunu bilir. Cənab Prezidentin COP tribunasından onların ünvanına söylədikləri bunun ən bariz nümunəsidir. Biz oxşar qarayaxma kampaniyalarını “Evrovision”u, I Avropa Oyunlarını keçirəndə görmüşük və onlara qarşı immunetitimiz kifayət qədər güclüdür. Faydası və ağılsız işlərlə məşğuldurlar. Necə deyərlər, onlar öz əməllərindən əl çəkməsinlər, biz də öz işimizi görəcəyik”.

BMT-nin Bakıda keçirilən İqlim Sammitinin 5 günlük gərgin işi öz bəhrələrini verməkdədir. COP29-da iştirak edən ekspertlər, eləcə də burada peşə fəaliyyətini həyata keçirən jurnalistlər əldə olunmuş ilk razılaşmalardan məmnunluqla danışırlar. Sammit iştirakçıları xüsusilə qlobal yaşıl gündəliyin mühüm vəzifələrini, BMT-nin məqsədlərinə nail olmaq üçün atılan addımları, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün Paris Sazişində təsbit olunmuş iqlim öhdəliklərinə sadiqliyi fəal nümayiş etdirərək problemdən birgə çıxış yollarını müzakirə ediblər.

Amerikalı analitik, enerji, geosiyasət və təhlükəsizlik sahəsində ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Zukerman yerli mediaya verdiyi açıqlamasında qeyd edib ki, COP29 əvvəlki konfranslardan yaxşılığa doğru fərqlənir: “Bu fərq, ilk növbədə, iqlim layihələrinin maliyyələşdirilməsinin müzakirəsi ilə bağlıdır. COP29-da artıq 100 milyard dollar məbləğində iqlim dəyişikliyi proqramları üçün maliyyələşmə barədə razılığa gəlinib. Biz dünya ölkələrinin qəbul etmək niyyətində olduqları konkret maliyyələşdirmədən danışırıq. Yəni, bu, olduqca yaxşı haldır ki, müxtəlif qitələri təmsil edən ölkələrin, eləcə də beynəlxalq ictimaiyyət bu məsələlərə bir neçə il əvvəlkindən fərqli olaraq, çox ciddi yanaşır. Bununla belə, bir daha qeyd etmək istəyirəm, əsas odur ki, maliyyələşmə prosesi başa çatsın. Çünki ABŞ-nin Afrikada iqlim layihələrinə geniş miqyaslı sponsorluq etdiyi kimi presedentlər var. Amma bu pullar Afrika banklarında heç vaxt görünməyib. Burada çox mühüm cəhət irəli sürülən layihələrin həyata keçirilməsi üçün lazımi infrastrukturun yaradılması və ixtisaslı mütəxəssislərin hazırlanmasıdır”.

* * *

Hesab edirik ki, amerikalı həmkarımız bu məsələdə tamamilə haqlıdır. Bəli, ekoloji proqramları həyata keçirmək üçün məhz peşəkar kadrların olmaması ucbatından faydalı təşəbbüslər uğursuzluğa düçar olur. “Bayden Administrasiyası dövründə müxtəlif iqlim təşəbbüslərini reallaşdırmaq üçün böyük büdcə ayrıldı. Amma sonra məlum oldu ki, söhbət təkcə maliyyə vəsaitindən getmir. Əsas amil peşəkar resursların çatışmazlığı, layihələri həyata keçirmək üçün kifayət qədər səlahiyyəti olmayan icmaların, əyalət rəhbərliyinin və bələdiyyələrin hazırlığıdır. Nəticədə pul, faktiki olaraq boşuna xərcləndi”, – deyə Zukerman bildirdi.

Belaruslu politoloq və ekoloq Sergey Tomitsin fikrincə, COP29-un uğurları artıq göz qabağındadır: “Əldə olunan nəticələr ətraf mühitin qorunması üçün səylərə düzəlişlər edəcək. Mənə elə gəlir ki, çox sayda ölkədən olan iştirakçılar arasında mühüm konsensus əldə olunub. Əgər əvvəlki sammitlərdə ciddi fikir ayrılığı var idisə, indi, məsələn, dünya Afrika ölkələrinin səsini aydın eşidir. Yaxın Şərq, Asiya dövlətlərinin iqlim innovasiyaları sahəsində işlərin necə aparılacağına dair özlərinin nöqteyi-nəzəri var”.

Bakıda başqa bir şeyi də müşahidə etdiklərini deyən S.Tomits bu barədə fikirlərini bölüşdü: “Görürdük ki, paxıl insanlar, Azərbaycanın iqlim təşəbbüslərinə və onun beynəlxalq nüfuzuna qarşı çıxanlar sammiti boykot etməyə çalışaraq qara piarla məşğul olurlar. Düşünürəm ki, bu, özlüyündə absurd və ağılsız hərəkətdir. İntəhası, şükürlər olsun ki, biz bu cəhdlərdən heç nə alınmadığını, onların uğursuzluğa düçar olduğunu da görürük. Yeri gəmişkən, Azərbaycan Prezidenti İlham Əliyev COP29-dakı çıxışında bu məqamlara toxundu”.

Beləliklə, dünya BMT-nin Bakı Sammitdən maraqla yeni nəticələr gözləyir. Artıq ilkin nəticələr əldə olunub. Amma Azərbaycan paytaxtından dünyanı təəccübləndirəcək yeni və daha böyük uğurların ismarıclarının veriləcəyinə əminik.

İmran BƏDİRXANLI
XQ

 

 

Seçilən
58
xalqqazeti.az

1Mənbələr