Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərində yaşayan bir sıra şəhid ailələrini ziyarət edərək növbəti görüşlər keçirib.
“Qafqazinfo” xəbər verir ki, deputat Şirvan şəhər şəhidləri - Ruslan Rüstəmov, Elnur Qarayev və Yusif Cəfərovun ailələrini ziyarət edib.
Parlamentari ailələrin həyat və məişət şəraiti ilə yerində tanış olub, qarşılaşdıqları çətinliklərlə maraqlanıb.
H.Əsədov şəhid ailələrinə dövlət tərəfindən lazımi diqqət və qayğının göstərilməsi ilə bağlı ölkə rəhbərliyi tərəfindən görülən işlər, verilən imtiyazların mahiyyəti haqda ətraflı məlumat verib.
Görüş zamanı şəhid ailələrinin evləri ehtiyac duyulan mətbəx mebeli, qaz sobası, paltaryuyan maşın, soyuducu və digər avadanlıqlarla təchiz olunub, maddi yardımlar edilib. Eləcə də, deputat çoxuşaqlı şəhid ailələrindən birinə hər ay maddi dəstək ediləcəyini bildirib.
Daha sonra deputat Şirvan şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən uşaqlar üçün nəzərdə tutulmuş əyləncə guşəsində sakinlərin asudə vaxtlarının keçirilməsi üçün söhbətgahda aparılan təmir işləri ilə tanış olub.