Dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir.
Bunu COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, Dövlət Su Komissiyası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azadılması, yeni su mənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir: “Ölkə Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur”, – deyə nazir müavini əlavə edib.