AZ

“Vətəndaş tədbirin mahiyyətini anlayarsa, öz dəstəyini göstərər” - SOSİOLOQ FİKRİ

“Ölkəmizdə mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlər keçirildikdə insanlara tədbirin birbaşa faydalı və lazımlı tərəfləri başa salınmalıdır. Niyə bu tədbir keçirilir, məqsəd nədir, bizə faydası nə olacaq? Bütün bunları xalqa ən sadə dillə, anlaşılacaq formada izah etmək lazımdır. Quru dillə, sadə vətəndaşın başa düşməyəcəyi elmi izahlarla çıxışlar lazım deyil”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

O bildirib ki, hər bölgənin deputatı var, o deputatlar öz seçildikləri ərazinin insanları ilə görüşə, onları narahat edən məsələlərə aydınlıq gətirə bilər: “Hansısa bir rayonda yaşayan, əkin-biçinlə məşğul olan bir sadə vətəndaş nə bilsin Tərəflər Konfransı nədir, Çərçivə Konvensiyası nədir? Onun haqlı olaraq sualları yaranacaq. Bu sullarına cavabı da ən bəsit dillə, anlaşılan formada onu təmsil edən deputat cavablandırmalıdır. Efirdən yox, qəzet-jurnaldan yox, üzbəüz, birbaşa. Əlçatanlıq şərtdir.

Əgər tədbirin keçirilməsindəki əsl mahiyyəti anlasa hər bir vətəndaş könüllü dəstək olacaq, yardım edəcək. Hərə öz sahəsində əlindən gələni edəcək. Əgər vətəndaş bilsə ki, bu tədbir hamımızın vətəni olan yer planetinin xilası üçün təşkil edilir, o da dəstəyini göstərər, çevrə təmizliyinə, ekoloji kirliliyin aradan qaldırılmasına, tullantıların təbiətə atılmamasına dair bacardığını edər.

Əhaliyə başa salınmalıdır, enerji resurslarından istifadənin bir gün mümkün olmayacağını, bərpaolunmayan mənbələrin tükənmə ehtimalını anlamalıdır insanlar. Evimizdə israf etdiyimiz suyun, işığın nə qədər qiymətli olduğunun fərqində olmalıdır insanlar. Bərpaolunan enerji mənbələri barədə məlumatlandırılmalıdır. Yaşıl enerji istehsalını artırmağın nələrə faydalı olacağını öyrənməlidir insanlar. Məşğulluq imkanları arasına yaşıl enerji istehsalını da əlavə edə bilərik məsələn, təşviq etmək üçün məncə əlverişli olar”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
16
sia.az

1Mənbələr