AZ

"Google" Avropada siyasi reklam yayımını dayandıracaq

Axtarış nəhəngi "Google", yayımladığı yeni bir bloq yazısında gələn il Avropa İttifaqı (Aİ) daxilində istifadəçilərə siyasi reklam göstərməyi dayandıracağını açıqlayıb. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu qərarın əsas səbəbi Aİ-nin yeni şəffaflıq tənzimləmələri ilə bağlı qeyri-müəyyənliklərdir. Gələn il qüvvəyə minməsi gözlənilən "siyasi reklamların şəffaflığı və hədəflənməsi" (TTPA) qaydaları seçkilərə müdaxilənin qarşısını almağı və seçicilərin məlumatlı qərarlar qəbul etməsinə kömək etməyi hədəfləyir. "Google" bu qaydaların mühüm əməliyyat çətinlikləri və hüquqi qeyri-müəyyənliklər yaradacağını vurğulayıb.  

TTPA qaydaları nələri dəyişəcək?  

TTPA qaydaları onlayn siyasi reklamların aydın şəkildə etiketlənməsini tələb edir. Bu etiketləmə vasitəsilə insanlar bir reklamın onları hədəfləyib-hədəfləmədiyini, bunun üçün kimin ödəniş etdiyini, nə qədər ödəniş edildiyini və hansı seçki və ya referendumla bağlı olduğunu öyrənə biləcəklər. Qaydalara əsasən, reklam təminatçıları hədəflənmiş siyasi reklamlar təqdim etmək üçün istifadəçilərdən açıq razılıq almalıdırlar.
 
Bununla yanaşı, reklam verənlər yetkinlik yaşına çatmayanların məlumatlarından və bəzi şəxsi məlumatlardan istifadə edə bilməzlər. Bu dəyişikliklər çərçivəsində "YouTube"da siyasi reklam hesab edilən ödənişli tanıtımlar da qadağan ediləcək.  

"Google" bildirir ki, 2025-ci ilin oktyabr ayında qüvvəyə minəcək TTPA qaydalarında siyasi reklam anlayışı çox geniş şəkildə müəyyən edilib. Bu da fərqli Aİ bölgələrində hansı məzmunun məhdudlaşdırılmalı olduğunu dəqiq müəyyənləşdirməyi çətinləşdirir. Şirkət bu səbəbdən TTPA qüvvəyə minmədən əvvəl siyasi reklam yayımını dayandırmağı planlaşdırır. Bununla yanaşı, "Google" qərarını nəzərdən keçirməyə davam edəcəyini və gələn il daha ətraflı məlumat paylaşacağını bildirib.  

"Google" açıqlamasında qeyd edib:  

"Qanunvericilik prosesi ərzində TTPA-nın potensial təsiri və bəzi tələblərinin yaratdığı çətinliklərlə bağlı narahatlıqlarımızı bölüşmüşük. Lakin bu tənzimləmə, tələblərə uyğunlaşmağımıza imkan verəcək lazımi dəqiqliyi və spesifikliyi təmin edə bilmədi”.

"Google" ötən fevral ayında yayımladığı bloq yazısında təklif edilən bu tənzimləmələrlə bağlı narahatlıqlarını ifadə etmişdi. O zaman şirkət, məhdudiyyətlərin tövsiyə sistemlərinə mənfi təsir göstərə biləcəyini və siyasi reklam anlayışının daha aydın müəyyən edilməsinə ehtiyac olduğunu vurğulamışdı. Nəhayət, "Google"ın daha əvvəl Fransa, Kanada və Braziliyada yerli tənzimləmələrə uyğunluqla bağlı oxşar problemlər səbəbindən siyasi reklam xidmətini dayandırdığını xatırladaq.  

Aydın
Seçilən
19
qaynarinfo.az

1Mənbələr