AZ

"COP-29 Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə müsbət töhfə verəcəkdir" - QHT sədri

"Bakıda keçirilən COP-29 beynəlxalq iqlim siyasətinə və Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə müsbət töhfə verəcəkdir. Konfrans təcrübə mübadiləsi və iqlim problemlərinin həllinə yeni yanaşmaları müzakirə etmək imkanı verir, ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə kömək edir. Bu, Azərbaycanın öz təşəbbüslərini elan etməsi və iqlim dəyişikliyi ilə mübarizədə rolunu nümayiş etdirməsi üçün əlverişli şəraitin olmasıdır. Həmçinin, COP-29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal ekoloji məqsədlərə və davamlı inkişafa sadiqliyini vurğulayır ki, bu da onun beynəlxalq iqlim gündəliyinin məsuliyyətli və fəal iştirakçısı kimi reputasiyasına, beynəlxalq imicinin möhkəmlənməsinə müsbət təsir göstərəcəkdir".

Bu sözləri QHT.az-a özəl açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Uşaq Qaynar Xəttinin rəhbəri, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumova bildirib. O, iqlim dəyişikliyinin uşaqların sağlamlığı və inkişafına təsirlərini azaltmaq üçün əlavə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğuladı:

"Qafqaz regionu üçün mühüm hadisə kimi COP-29 region ölkələri arasında ekoloji tərəfdaşlığın gücləndirilməsinə kömək edə bilər, birgə təşəbbüslər və layihələr üçün imkanlar yarada bilər. İqlim dəyişikliyinin sosial cəhətdən həssas qruplara, o cümlədən uşaqlara və qadınlara təsirinə xüsusi diqqət yetirilə bilər. Beləliklə, Bakıda keçirilən COP-29 həm qlobal iqlim hərəkatı, həm də Azərbaycan üçün mühüm mərhələ olacaq, onun planetin qorunması üzrə beynəlxalq səylərdə fəal rolunu təşviq edəcəkdir".

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
16
qht.az

1Mənbələr