AZ

COP29: Gənclərin rəqəmsal iqlim inqilabında töhfələri müzakirə edildi

Noyabrın 16-da COP29 iqlim sammiti çərçivəsində “Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” mövzusunda tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub və iqlim böhranına cavab olaraq gənclərin innovasiya və dəyişikliyin əsas hərəkətverici qüvvəsi kimi roluna diqqət yönəldilib.

Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Kestutis Kupsysin moderatorluğu ilə başlayan tədbirdə rəqəmsal həllərin iqlim fəaliyyəti ilə inteqrasiyası və bu texnologiyaların davamlılıq prinsiplərinin təşviqindəki rolu müzakirə olunub.

Tədbirdə çıxış edən panel iştirakçısı COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bununla bağlı fikirlərini bölüşərək deyib: “COP29 çərçivəsində keçirilən Gənc İqlim Çempionatında iştirak etmək mənim üçün böyük bir uğurdur. Gənclərin bu tədbirdə iştirakı olduqca mühüm və təqdirəlayiqdir. Bu cür təşəbbüslər vasitəsilə biz inkişafa və tərəqqiyə doğru irəliləməyi hədəfləyirik. Uşaqların və gənclərin iqlim dəyişikliyi ilə bağlı mövqelərini və töhfələrini öyrənmək üçün bir neçə qiymətləndirmə aparmışıq. Onların fikirlərini və təkliflərini daha yaxından öyrənmək üçün xüsusi müzakirə platformaları təşkil edilib. İnanıram ki, iqlim böhranının təsirinə məruz qalan uşaqlar və gənclərin rəyləri və ehtiyacları siyasətlərin hazırlanmasında nəzərə alınmalıdır. Tədbir çərçivəsində fikir mübadiləsi üçün mükəmməl bir platforma yaradılıb. İqlim böhranı ilə mübarizə çoxşaxəli yanaşma tələb edir. Gənclər rəqəmsal həllərin tətbiqində fəal iştirak edir və bu iştirakın daha da gücləndirilməsi üçün dəstəyə ehtiyac duyulur. Onların innovativ ideyalarının və təkliflərinin reallaşdırılması iqlim fəaliyyətində mühüm dönüş nöqtəsi ola bilər”.

Panel iştirakçıları “Cisco” şirkətinin mütəxəssisi Mary De Vysocki, “BeWorks Automation” şirkətinin təsisçisi və baş icraçı direktoru Fidan Cavadova, mühafizəçi və WAFF gənclər nümayəndəsi Doreen Maykl diqqətə çatdırıblar ki, rəqəmsal texnologiyalar gənclərə iqlim dəyişikliklərinə təsir etmək üçün mühüm vasitələr təqdim edir. Vurğulanıb ki, bunun vasitəsilə gənclər ekoloji təsirlərə nəzarəti gücləndirmək, davamlı inkişafı təmin etmək və iqlim təşəbbüslərinə dəstək vermək istiqamətində əhəmiyyətli töhfələr verə bilərlər.

Tədbir çərçivəsində iştirakçılara qabaqcıl rəqəmsal platformalar, süni intellektlə işləyən həllər və real vaxt rejimində ətraf mühitin monitorinqini təmin edən innovativ proqram təminatları təqdim olunub. Bu vasitələr arasında məlumat əsaslı təbliğat vasitələri, iqlim məlumatlarının vizuallaşdırılması üçün istifadə olunan proqram təminatları və gənclərin iqlim fəaliyyəti sahəsində daha aktiv iştirakına şərait yaradan rəqəmsal tətbiqlər xüsusi vurğulanıb. Rəqəmsal texnologiyaların iqlim dəyişikliklərinə qarşı mübarizədə tətbiqinin genişləndirilməsi, bu sahədə əməkdaşlığın gücləndirilməsi və rəqəmsal həllərin inklüzivliyin təmin edilməsindəki əhəmiyyəti ifadə edilib.

Tədbirdə rəqəmsal iqlim inqilabında gənclərin iştirakı üçün konkret addımların atılmasının vacibliyi bildirilib. İştirakçılar rəqəmsal texnologiyaların davamlı inkişafda və iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas vasitələrdən birinə çevrildiyini təsdiqləyərək, gənclərin bu prosesdə liderlik mövqeyi tutmasını dəstəkləyiblər. Belə tədbirlər iqlim fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq və innovasiyanın genişləndirilməsi üçün əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Seçilən
59
2
bakivaxti.az

3Mənbələr