Bu gün Aleksandr Blokun doğum günüdür.
Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Qalxdı gecə dumanı,-
Bu meşə nə sıx imiş...
Bu nəm, bu lal cəngəllikdə,
Bir işıq yandı keçdi,
keçdi... Sanki yox imiş...
Və birdən yenə yandı,
... Yenə gəldi o işıq,
Parıldadı dumanda.
Pəncərəmdə qızaran
Ətirşaha bənzətdim
O işığı o anda...
...Ətirşahdan süzülən
Gecə yanırdı sanki,
Bürünmüşdü tüstüyə.
Sürdüm ilham atımı,
O işığın üstünə.
O yorğun xoşbəxtliyim,
Bu qərib bəxtim kimi,
Qəmli gecə yatırdı.
Alaq otu içində
Bir daxma boy atırdı...
O qərib işartıya,
Qəribə parıltıya,
Baxdım, doyunca baxdım.
Birdən diksindi sanki,
Yüyürdü cəngəlliyə
Mənim bu ürkmüş atım...
...Burda qalmaq çətindi,
Yaxşısı budur get,
Get, dostum, buralardan,
Tez get burdan,çalış, get,
Getsən, unudacaqsan
Bu gecəyə qarış, get...
...Alaq otları basmış,
Bu dumanlı gecədə,
Bax, İsanı satma ha,-
O lalə dodaqlara,
O acgöz ətirşaha...
***
Bakirə qar kimi necə işıqlı,
Uzaq məbəd kimi necə də ağsan.
Bu uzun gecəyə inanmıram mən,
İnanmıram sənə, çarəsiz axşam !
Bu ömür yorğunu ürəyimin də
Artıq inanmıram yorğun səsinə.
Bəlkə də gecikmiş bir yolçu kimi,
Döydüm o köşkünün pəncərəsinə...
Unudub verdiyi əzabları da,
Özün bağışlarsan bu günahkarı.
Əlini uzadıb bu vəfasıza,
Mükafat verərsən uzaq baharı...
***
Dumanlı səhərə oyanıram mən,
Günəşin şüası üzümə dəyir.
Bəlkə, elə sənsən səslədiyim qız,
Kölgən eyvanımda gözümə dəyir ?
Ağır darvazalar taybatay açıq,
Külək ətir səpir pəncərələrdən.
Ah, gör haçandı ki, uzaq düşmüşəm,
Könlümə yayılan bu nəğmələrdən!
Dumanlı səhərin içindən çıxıb
Günəş də, külək də toxunur mənə.
Onlara qoşulub sevdiyim qız da,
Qalxır eyvanımın aynabəndinə...
***
Bu gecənin alaqaranlığında
Ayağım altında soyuq ləpələr.
Sahildə qumları öpən dalğalar,
Könlümdəsə səksəkəli ümidlər.
Uzaqda oxunan o mahnılar da,
Necə oxşardılar, gəl indi ayır.
Məndən ayrı düşmüş tənha ürəyim,
O qarşı sahildən baxıb ağlayır.
Sənmi çağırırsan uzaqdan məni,
Sirrim, niyyətimmi keçir həyata?
Yellənə-yellənə şütüyən qayıq,
Çayda elə üzür, qorxuram bata...
...Ah, könlümdə səksəkəli ümidlər,
Kimi isə görmək üçün qaçıram.
Sayrışan o qaranlığın içiylə,
O sahildən səs gəlir aram-aram...
***
Bahar nəğmələri daşıyır külək,
Daşıyır baharın çiçəklərini.
Hardasa işıqlı və əngin səma,
Açır yer üzünə ətəklərini...
Yazın müjdəsini gətirir yellər,
Eşidib ağlayır qış tufanları.
Seyrəlir gecənin ənginliyində,
Ulduz yuxuları, ulduz falları.
Könlümün görünməz dərinliyində,
Bir mizrab ağlayır:-tənha və ürkək.
O şaqraq, füsunkar nəğmələrini,
Mənə uzaqlardan gətirir külək...
***
Anna Axmatovaya
"Gözəllik dəhşətdir"- Desələr sizə,
o ispan şalınızı
astaca atarsınız çiyninizə
qızılgüllə bəzərsiniz saçlarınızı...
"Gözəllik adi şeydir"- desələr sizə
səriştəniz olmasa da
o ispan şalınıza
və
saçlarınızdakı qızılgüllərə bükərsiniz
döşəmədəki körpəni...
Qüssəylə dinləyib
ətrafdan yayılan sözləri
və kədərlə düşünərsiniz özünüz haqda:
"Yox, nə qorxuluyam,
nə də ki, sadə
bəlkə, ömür sadəcə bir yuxudu?
Mən o qədər də
sadə deyiləm ki,
bilməyim, - yaşamaq necə
qorxuludu..."
Tərcümə etdi: Əlizadə Nuri