Rusiyalı imperiyaçı və şovinist təbliğatçı, “Z-bloqer” Maksim Kalaşnikov Xarkov vilayətindəki Volçansk şəhəri uğrunda gedən döyüşlərə dair dəhşətli faktlar paylaşıb.
“AzPolitika” xəbər verir ki, Kalşaşnikov bu istiqamətdəki hücumlarda iştirak edən bir rusiyalı hərbçinin dediklərini öz səhifəsində dərc edib.
Rusiyalı bloqer rus işğalçılarının cəsədlərinin “bir-birinin üzərində yatdığı mənasız müharibə”də rus qoşunlarının böyük itkilərini təsvir edib.
Kalaşnikov yazıb ki, Putinin “xüsusi əməliyyatı” Rusiya Federasiyasını fəlakətə sürükləyib və onun “məqsədlərinə” çatmaq mümkün deyil.
Kalaşnikov tərəfindən sitat gətirilən Rusiya hərbçisi bir neçə aydır ki, Xarkov vilayətinin şimalında qarşılaşdıqları cəhənnəmi təsvir edir.
İşğalçı əsgər ukraynalı snayperlərin, PUA operatorlarının və minaatanların məharətini etiraf edərək, rus ordusunun verdiyi böyük itkilərdən şikayətlənir: “Cəsədlər, cəsədlər, cəsədlər... Əsgərlərimizin meyitləri. Onları hər yerdə görə bilərsiniz. Gözlə görünən hər yerdə cəsədlər var... Dərhal və yaralanandan sonra ölənlər olduqca çoxdur. Yaralılarla cəsədlər yan-yana, iki-üç qat yatırlar. Bütün zirzəmilər meyitlərin davamlı qoxusu və yaralardan gələn ətin qoxusu ilə doludur. Uşaqlar çürüyür və sanitarlar onlara heç nə ilə kömək edə bilmir. Onlara ancaq dronla gətirilən ağrıkəsicilər verilir”.
Yazının sonunda rus əsgər etiraf edir ki, o, hücum zamanı aldığı yaranın mümkün qədər gec sağalmasını arzulayır. O, Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə məruz qalan rus əsgərlərini heç kimin xilas etməyəcəyini və cəbhədə gördüklərinin onun döyüşmək həvəsini tamamilə öldürdüyünü etiraf edib.
“AzPoitika.info”