AZ

COP29-da BMT rəsmisi G20 liderlərinə çağırış edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində G20 liderlərinə müraciət edib.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden  xəbər verir ki, o, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Zirvəsi önəmli bir mesaj üçün fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”, - deyə Saymon Stil bildirib.

BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqlar davam edir. "COP-da hamı məsuliyyətin böyüklüyünü anlayır. Gecə-gündüz işlər gedir”, - deyə o qeyd edib.

G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb. O qeyd edib ki, həssas ölkələr borc ödəmə yükündən azad olmadan daha cəsarətli iqlim tədbirləri həyata keçirə bilməz.

"Bu qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olmaq üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur”, - deyə Saymon Stil əlavə edib.

Qeyd edək ki, G20 liderlərinin Rio-de-Janeyroda keçiriləcək sammiti noyabrın 18-19-da baş tutacaq.

Seçilən
28
22
qaziler.az

10Mənbələr