AZ

İqlim dəyişikliyi müzakirələri: Ölkəmizdə qlobal əməkdaşlığın yeni addımları

Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu qazanması böyük uğurdur. Bununla əlaqədar, cənab İlham Əliyev noyabrın 12-də Bakıda öz işinə başlamış COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edərkən bildirdi ki, bu qərarı dünyanın 200 ölkəsi yekdilliklə qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad göstərilmişdir. Təəssüflər olsun ki, Qərbin bəzi anti-Azərbaycan dairələri bu qərarın qəbul olunmasından dərhal sonra ölkəmizə qarşı onsuz da hər zaman nümayiş etdirdikləri ikili standartlar siyasətini daha da gücləndirdilər.

Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, özünü müstəqil QHT adlandıranlar, bəzi siyasətçilər və feyk-xəbər mediası ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar. Lakin Azərbaycan hər zaman son sözü demək hüququnu özündə saxlayır.
Prezident İlham Əliyev COP29-u boykot etməyə çalışan dairələrə öz mesajını bu ifadələrlə verdi: “Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Ölkəmiz Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşməklə müxtəlif dövlətlər və xalqlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin salınmasına böyük töhfələr verəcək. Beləliklə, anti-Azərbaycan qüvvələrin bütün səyləri yenə də boşa çıxdı. COP29 öz işinə başladı və dünya ictimaiyyətinin bu qlobal tədbirdən böyük gözləntiləri var. Təbii ki, tədbirin ev sahibi kimi, Azərbaycanın bir çox məsələlərə dair mövqeyi iştirakçı ölkələri son dərəcə maraqlandırır. O cümlədən, ölkəmizin yaşıl enerji gündəliyi, bərpaolunan enerji layihələri yüksək effektivliyi ilə bu gün hər kəsin diqqətini cəlb edir.
Dövlətimizin başçısı öz çıxışında bu sahə ilə də bağlı önəmli açıqlamalar təqdim edərək qeyd etdi ki, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və nəqliyyat xəritəsini tamamilə dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialı var. Bu potensial həm Xəzər dənizində, həm də ölkənin quru ərazilərində mövcuddur. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməyi planlaşdırır. Dövlət başçısı bu məsələni də diqqət mərkəzinə çəkərək bildirdi ki, Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Bunun sayəsində Azərbaycan yaşıl enerjini Avropaya nəql edəcək. Bu kabelin texniki potensialı və imkanları iki giqavat olacaqdır və bu, yalnız başlanğıcdır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Seçilən
46
sesqazeti.az

1Mənbələr