AZ

X-dən imtina edən şirkət və qurumların sayı artır

Bakı,TurkicWorld

Böyük Britaniyanın nüfuzlu qəzetlərindən biri olan The Guardian, X (əvvəlki adı ilə Twitter) platformasında xəbərlərini paylaşmağı dayandırmaq qərarına gəlib.

TurkicWorld xəbər verir ki, qəzet rəhbərliyi bu addımı, X-də mövcud olmağın zərərini faydasından üstün görməsi ilə izah edib.

The Guardian bu qərarı verdiyi zaman platformada 10,7 milyon izləyicisi var idi.

Bununla yanaşı, CNN-in tanınmış aparıcısı Don Lemon da X-dən ayrıldığını elan edib. Lemon, platformanın əvvəllər açıq müzakirə məkanı kimi xidmət etdiyini, lakin artıq bu məqsədə cavab vermədiyini bildirib.

Almaniyanın St. Pauli futbol klubu, Avstriya Hava Yolları və bir neçə təşkilat X platformasından çəkildiklərini açıqlayıblar. Bu qərarlar, Elon Musk-ın platformanın gələcək strategiyası ilə bağlı həyata keçirdiyi dəyişikliklərin bəzi istifadəçilər və qurumlar tərəfindən narazılıqla qarşılanması ilə əlaqələndirilir.

Böyük Britaniyada fəaliyyət göstərən Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzi (CCDH) də X platformasını tərk etdiyini elan edib. Mərkəz bu qərarı X-in yenilənmiş istifadə şərtləri ilə əlaqələndirib. Yenilənmiş şərtlərə əsasən, platforma ilə bağlı hüquqi mübahisələr yalnız ABŞ-ın Texas ştatındakı məhkəmələrdə həll edilməlidir, bu isə beynəlxalq istifadəçilərin hüquqi müdafiəsini məhdudlaşdırır.

X platformasından ayrılma hərəkəti "X-odus" (X-dən çıxış) həştəqi ilə daha geniş yayılaraq, sosial mediada müzakirələrə səbəb olub. Yanvarın 20-də Donald Trampın prezidentliyə andiçmə mərasimi zamanı istifadəçilərin platformanı kütləvi şəkildə tərk etməsi çağırışları da edilib.

Qeyd edək ki, Elon Musk 2022-ci ilin oktyabrında 44 milyard dollara Twitter-i satın aldıqdan sonra platformanın adını X olaraq dəyişdirib. Musk ifadə azadlığını əsas gətirərək, əvvəlki qaydalar çərçivəsində platformadan uzaqlaşdırılmış bir çox mübahisəli hesabı yenidən aktivləşdirib.

Musk, Donald Trampın prezidentliyə seçki kampaniyası zamanı fəal dəstək göstərdiyi və sosial mediadan onun xeyrinə istifadə etdiyi üçün tənqid olunub. Kampaniyaya yüz milyon dollardan çox sərmayə qoyduğu bildirilir. Trampın administrasiyasında isə Musk-a "dövlət idarəçiliyini daha effektiv etmək" tapşırılıb, bu da Musk-ın siyasi nüfuzunun genişlənməsi ilə bağlı müzakirələrə səbəb olub.

Seçilən
17
turkic.world

1Mənbələr