AZ

"Xəzər dənizinin suyunun şirinləşdirilməsi aktual məsələdir" — Ekoloq

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov COP29 çərçivəsində keçirilən tədbirdə deyib ki, Xəzərin duzsuzlaşdırılmasına sərmayə qoymaqla Azərbaycan su təchizatını yaxşılaşdıra bilər. Z.Mikayılov  (COP29) çərçivəsində keçirilən "Davamlı su ehtiyatlarının idarə edilməsində innovativ yanaşmalar" mövzusundakı tədbirdə çıxışı zamanı bildirib ki, əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını təmin etmək üçün qabaqcıl həllərin düşünülməsini vacib edir:  “Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır. Bu reallıqlar sudan istifadənin səmərəliliyini artıran və davamlılığı gücləndirən innovativ, uyğunlaşa bilən həllərin aktuallığını vurğulayır”, - deyə qurum sədri qeyd edib.  

Məsələyə ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında fikir bildirib. Onun fikrincə, bu, perspektivli istiqamətdir, amma, dəqiq qiymətləndirilmələr aparılmalıdır:

“Bu barədə Prezident İlham Əliyevin də xüsusi təlimatları var. Xəzər dənizinin suyunun şirinləşdirilməsi aktual məsələdir. Amma onu da qeyd edim ki, bu məsələ ətraflı öyrənilməli, alternativlər qiymətləndirilməli, daha sonra iş görülməlidir. Bu, perspektivli məsələdir, amma müəyyən dəyərləndirmələr tələb olunur. İqlim dəyişikliyi su qıtlığını artırı, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların çoxalmasına səbəb olur. Nəticədə də davamlı su ilə təminat məsələsi daha da aktuallaşır. Azərbaycanda adambaşına illik su ehtiyatı 3 253 kubmetrdir. Lakin transsərhəd mənbələr olmasa, bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1 051 kubmetrə düşür. 2025-ci ilə qədər Azərbaycanda adambaşına düşən yerli su ehtiyatları çox azalacaq ki, bu da qlobal səviyyədə ən aşağı hədd ola bilər”.

Törə Zeynallı
Demokrat.az
 
Seçilən
45
demokrat.az

1Mənbələr