AZ

Sığorta sahəsindəki artımın səbəbi nədir? - AÇIQLAMA

Ötən gün Dövlət Sosial Müdafiə Fondu 2024-cü ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayında artım olması ilə bağlı məlumat paylaşıb. 

Belə ki, sığortaedənlərin sayı 90 128 vahid və ya 4,49 % artaraq 2 099 537 vahid təşkil edib. 

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 14 835, fiziki şəxslər üzrə 66 117, torpaq mülkiyyətçiləri üzrə isə 9 176 vahid artıb.

Əslində, paylaşılan statistik rəqəmlər müsbət göstəricidir. Bu, ölkəmizdə az da olsa, sığorta mədəniyyətinin inkişafından xəbər verir.

Maraqlıdır, sığorta sahəsindəki artım nə ilə əlaqədardır?

Mövzu ilə bağlı "Cebheinfo.az”a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib ki, həyat sığortasına marağın artması sığortaolunanların statistikasının artmasına gətirib çıxarıb:

“Ölkəmizdə əsasən ən məşhur sığorta növü avtomobillərin icbari sığortasıdır. Daha sonra kasko sığortası (qəza, avtomobilin qaçırılması, oğurluq və s. hadisələr nəticəsində dəyən zərərin ödənilməsi), həyat sığortaları, daşınmaz əmlak üzrə sığorta və s. misal göstərmək olar.

İcbari sığortalar məcburi olduğuna görə, əsasən avtomobillərin icbari sığortasında cərimə tətbiq olunur. Düzdü, Azərbaycana yeni avtomobillər gətirilir. Bunların hamısı icbari sığortalanır. Ancaq bu avtomobillərin gətirilməsi o səviyyədə deyil ki, sığorta statistikasında nəsə bir əsaslı dəyişiklik yaratsın.

İl ərzində ölkəyə təxminən haradasa 20-25 min avtomobil gəlir. 

Avtomobillərin kasko sığortası da olunur. Amma bu da istənilən səviyyədə deyil. Daşınmaz əmlakın icbari sığortası da məcburidi və buna görə cərimə sistemi işə düşməlidir.

Bildirim ki, məhz cərimə sistemi tətbiq olmadığına görə evlərin sığortasında heç bir irəliləyiş yoxdur. Artım var, amma azdır. 

Biz artımı sadəcə həyat sığortası üzrə görürük. Yəni sığorta sahəsində olan bu artım həyat sığortası və ona olan maraqdır”.

Şahin İsmayılov qeyd edib ki, cərimə mexanizmi vətəndaşların sığortaya cəlb olunmasının əsas faktorudur:

“İnsanlar sığorta sektoruna inamsız yanaşırlar. Vətəndaşlarda belə təsəvvür yaranıb ki, sığortaya xərclənən vəsait mənasızdır.

İnsanların psixologiyasına bu, artıq oturub. Amma faktlar belə olmadığını göstərir. Sığortadan yararlananlar var. Hər hansı bir hadisəsi baş versə, o zaman az və ya çox sığorta şirkətləri ödənişlərini edir. Hər bir sığortalı şəxs qəza hadisəsi ilə rastlaşdıqda bunun xeyrini görür.

Sığorta sahəsində təbliğat hələ o səviyyəyə çatmayıb ki, hər bir şəxs Avropa ölkəsində olduğu kimi könüllü şəkildə gəlib hansısa sığorta müqaviləsini imzalasın.

Bizdə mütləq qaydada hər hansı bir sahə üzrə cərimə mexanizmi olmalıdır ki, insanlar çəkinsin və sığorta etdirsin. Yəqinki, bu gün avtomobillərin icbari sığortası üzrə cərimə müxanizmi dayandırılsa, sığortalıların sayı yarıbayarı azalacaq. İstənilən halda sığortadan fayda görən insanlar bunun faydasını bilir və cərimə mexanizmi olmasa da, onlar sığortalanacaqlar. 

Amma böyük əksəriyyət üçün cərimə mexanizmi onların sığortaya cəlb olunmasının əsas faktorudur. Yəni təbliğat o dərəcədə deyil ki, insanlar özləri vaxtlı-vaxtında gəlib öz əmlakını, həyatını, sağlamlığını, əmlakını sığortalasın.

Məsələn, xarici ölkəyə səyahətə gedənlərin əksəriyyəti mütləq qaydada səyahət sığortası almalıdır. Avropa vizası üçün bu mütləq qaydada tələb olunur. Yəni səyahətə gedən vətəndaşımız səyahət sığortası olmadan viza ala bilməz. Hansı ölkələrə vizasız gedib-gələ bilirik səyahət edən əhalinin 80-90 %-i bu sığortanı almır”.

Onun sözlərinə görə, işəgötürən öz işçisini sığortalamırsa, bu böyük cərimələrlə nəticələnə bilər:

“Həyat sığortası işəgörtürənlərin məsuliyyət sığortasıdır. Çünki hər bir işverən öz işçisinin mütləq qaydada həyatını sığortalamalıdır. Çünki işçi işlədiyi zaman hər hansı bir hadisəsi ilə rastlaşarsa, həyatını itərə və ya əlillik ala bilər. Bu halda mütləq qaydada onun sığortası olmalıdır ki, sığorta şirkəti ödəniş etsin. 

Buna da Dövlət Əmək Müfəttişliyi Xidməti mütləq qaydada nəzarət edir. Bu sahədə işlər gedir. Statistikanın artmasını da mən bunda görürəm. Yəni əmək müqaviləsi ilə çalışan hər bir vətəndaşın həyatı sığortalanmalıdır. Bu sığorta istehsalat sahəsində baş verən hadisələrə təminat verir. İşçi öz işlədiyi ərazidən kənarda hansısa bir hadisə baş verərsə, artıq bu müqavilə qüvvədə deyil”.

Seçilən
38
cebheinfo.az

1Mənbələr