AZ

Futbol Klublarının İqlim Naminə Alyansının açılışı tədbiri keçirildi

COP29 çərçivəsində Futbol Klublarının İqlim Naminə Alyansının açılışı tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirin aparıcısı "Sky Sports" telekanalının şərhçisi Devid Garrido olub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində idman Azərbaycanda idman inkişaf edir.

Azərbaycanda həyata keçirilən beynəlxalq idman yarışlarından danışan nazir “Qarabağ” klubunun Futbol Klublarının İqlim naminə Alyansının yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyinin artıq real olduğunu və milyardlarla insanları təhdid qarşısında qoyduğunu söyləyib: “Futbol klubları tərəfindən Bakı Bəyannaməsinin imzalanması, öhdəliklərin götürülməsi mühüm hadisə olacaq. Daha sağlam gələcək uğrunda mübarizə aparaq”.

Avropa Klublar Assosiasiyasının rəhbəri Karl Marşal qeyd edib ki, bu toplantının əsas məqsədi futbol klublarının bir araya gələrək iqlim dəyişikliyi sayəsində səylərini birləşdirməkdir: “Biz bu gün Bakı Bəyannaməsini imzalayacağıq. Klublar arasında əməkdaşlıq edərək iqlim dəyişikliyi ilə mübarizədə səylərimizi əsirgəməyəcəyik. Biz Assosiasiyaya üzv olan 720 klubu karbon emissiyasını azaltmağa çağıracağıq. Cənubi Amerikadan “Flamenqo” klubundan olan tərəfdaşlarımız da bu tədbirdə iştirak edir. Bu gün imzalanacaq Bakı Bəyannaməsinin fəaliyyətimizdə katalizator olacağına inanırıq. Biz əl-ələ çalışmağa davam edəcəyik”.

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl bildirib ki, futbolun milyonlarla azarkeşi var: “Fəxr edirəm ki, Futbol Klublarının İqlim Naminə Alyansının təşəbbüskarıyıq”.

“Porto” klubunun dayanıqlılıq üzrə meneceri Tereza Santos 2007-ci ildən ekoloji sistemin tətbiqinə başladıqlarını nəzərə çatdırıb: “2022-ci ildə isə Porto İqlim Paktına imza atdıq, 2030-cu ilə qədər emissiyanın aradan qaldırılması hədəfi müəyyənləşdirmişik. Biz 2015-ci ildən karbon izini 20 faiz azalda bilmişik. Stadionda avadanlıqların sayını dəyişməkdə karbon izini azaltmağa nail ola bildik. Səmərəli işıqlandırma sistemimiz var. Lampaların tozlarını təmizləyirik, bu da meydana düşən işığı artırır. Su istehlakımızın 9 faizi qazonun sulanmasına yönəlir. Şəhərimizdə isə tullantı suları təkrar emaldan sonra qazonun sulanmasında istifadə olunur. Əgər 2 il əvvəl 100 dizellə işləyən avtomobilimiz vardısa, indi 10 dizellə işləyən avtomobilimiz var, qalanları elektrik mühərriklidir. Enerji isə stadion ərafındakı günəş panellərindən toplanır, həm stadionda istifadə edilir, həm də artıq elektrik enerjisini satırıq”.

“Liverpul” klubunun təsirlər üzrə direktoru Rişi Jain ağac əkdiklərini, yetişdirdikləri meyvələrlə futbolçuları təmin etdiklərini nəzərə çatdırıb: “Bizim “Qırmızı yol” təşəbbüsümüz var. 60 mindən çox arımız var. Arılardan əldə olunan baldan futbolçularımız faydalanır. Biz kirpilər də saxlayırıq. Stadionumuzun ot səthi dünyanın ən yaxşı səthlərindən sayılır. Həmin səth təkrar emal olunur, ondan mebel hazırlanır”.

Seçilən
47
12
publika.az

10Mənbələr