Bakıda keçirilən COP29 çərçivəsində Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.
"Operativ Media" xəbər verir ki, Azərbaycanın Energetika Nazirliyi ilə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Asiya respublikalarının dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
IRENA-nın baş direktoru Françeska La Kamera çıxış edərək müasir dünya üçün yaşıl enerjinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, təşkilatın mütəxəssisləri yaşıl enerji mərkəzlərini müəyyən edərək sərmayə yatırılması üçün tövsiyələr verir. Qlobal miqyasda karbon emissiyasının azaldılması və sıfır emissiyaya nail olmaq üçün yaşıl enerji istehsalının artırılması zəruridir. Françeska La Kamera nəzərə çatdırıb ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər görülür: “Bunun üçün ölkənin potensialı da var. Yaşıl enerjinin artması, karbonun tullantılarının da azalmasına səbəb olur”.
Energetika nazirinin müavini Orxan Zeynalov çıxış edərək Azərbaycanda yaşıl enerji istehsalı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, sıfır emissiyaya nail olmağın başlıca yolu alternativ enerji mənbələrindən səmərəli istifadə etməkdən keçir: “Ekosistemin qorunub saxlanılması üçün Azərbaycan tədricən enerji transformasiyasını həyata keçirir. İrimiqyaslı layihələrin reallaşması üçün xarici investorlar dəvət olunub və onların sərmayəsi əsasında Qarabağda, Naxçıvanda, Abşeronda Günəş və külək enerji stansiyaları inşa olunur. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə enerji dəhlizi yaratmaq imkanı var. Bununla bağlı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında sənəd imzalanıb. Azərbaycan Mərkəzi Asiyadan Avropaya uzanan enerji dəhlizinin mərkəzi olacaq. Mərkəzi Asiya respublikalarında istehsal olunan yaşıl enerji Avropaya Azərbaycan üzərindən ixrac ediləcək”.
Sonra Koreya Respublikasının Enerji Agentliyinin prezidenti Songhun Li, Qlobal Enerji Alyansının vitse-prezidenti Kitti Bu, IRENA-nın ölkə əlaqələri və tərəfdaşlıqlar üzrə direktoru Gürbüz Könül və digərləri çıxış edərək Mərkəzi Asiyanın yaşıl enerji istehsalı üçün münbit region olduğunu bildiriblər. Qeyd olunub ki, Qazaxıstan və Özbəkistan ilə yanaşı, Türkmənistan, Qırğızıstan və Türkmənistanda da irihəcmli Günəş elektrik stansiyaları inşa etmək mümkündür. Bu işlərin həyata keçirilməsi üçün beynəlxalq sərmayədarlarla danışıqlar aparmaq və sərmayə yatırmaları üçün şərait yaratmaq lazımdır.
Nəzərə çatdırılıb ki, Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır. Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, Günəş enerjisi isə 1 trilyon kilovat/saatdır.
Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 GVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir.
Çıxışlardan sonra sessiya panel müzakirələri ilə davam edib. Beynəlxalq ekspertlər və mütəxəssislər sessiya iştirakçılarının suallarını cavablandırıblar.