AZ

“Ərim məni əsassız olaraq qısqanır, başqa kişilərin mənə baxmasını irad tutur, gecələr isə...” — TƏFƏRRÜAT

Xaçmaz rayonunda 1977-ci il təvəllüdlü Cavid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 aprel 2024-cü ildə, axşam saat 23 radələrində baş verib. Cavid yaşadığı evin mətbəxində arvadı Leyla ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əvvəl sağ əli ilə onun sifətinin sağ nahiyəsinə, sonra isə yenə də sağ əli ilə döş nahiyəsinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə məhkəmədə ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Leylailə ər-arvadırlar, birgə nikahlarından övladları var: “Leyla mənə aqressiv cavab qaytardığı üçün aramızda mübahisə yarandı, Leyla ilə anlaşmırıq, Leyla söz başa düşmür və aramızdakı danışıq hay-küylə nəticələnir. Biz bir-birimizi anlamırıq. Leylaya söz deyəndə mənə kobud cavab qaytarır və aramızda mübahisə yaranır. Mən hadisənin necə baş verdiyini hazırda tam xatırlamıram”. 
Təqsirləndirilən şəxs bildirib ki Leylanı əli ilə itələyib, onun gözünün altının zədələnərək qaralması halı isə olmayıb: “Mən Leylanı əlim ilə sinə nahiyəsindən itələmişəm. Onun başqa nahiyəsinə vurmamışam. Yalnız sinəsinə əlim ilə vuraraq itələmişəm. Mən ibtidai istintaq orqanında tərtib edilərək iş materiallarında olan ifadəm ilə razı deyiləm. Mən elə bir ifadə verməmişəm. Müstəntiq məndən ifadə almayıb, məni çağıraraq hansısa sənədlərə imzalar etdirib. Mən tutularaq polis şöbəsinə aparılmışam və qarşıma imzalamaq üçün sənədlər qoyulub. Mən həmin sənədlər barədə müstəntiqdən soruşmuşam. Sonuncu həmin sənədlərin mənim məhkəməyə gəlməməyim ilə bağlı sənədlər olduğunu, narahat olmamağımı bildirib. Mənə ittiham elan olunmasından da xəbərim olmayıb. Leyla ilə aramızda olan mübahisə nəticəsində övladlarımdan ayrı qalmama görə peşmanam”. 

Cavid əlavə olaraq bildirib ki,  zərərçəkmişin ifadəsində bildirdiyi kimi, onu xəyanətdə ittiham edib: “Mənim xasiyyətim belədir. Mən dəfələrlə zərərçəkmişdən işə getməməsini tələb etmişəm. Lakin Leylanın anası gələrək onu özü ilə aparıb. Uşaqları mənim yanımda qoyaraq gedib”.

Təqsirləndirilən şəxs daha sonra məhkəmədə verdiyi ifadəsində göstərib ki, səhv əməl etdiyini başa düşür, bir daha bu kimi hərəkətlərə yol verməməyə çalışacaqdır. O, arvadı ilə barışdığını, cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edib. 

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. İfadəsində göstərib ki, Leyla ilə 2016-ci ilin may ayında evlənib və onunla olan nikahından da 2 övladı var: “Evliliyimizin ilk illərində münasibətlərimiz normal olub. Ancaq son 4 ildir ki, arvadım ilə münasibətlərimiz pisləşib. Leyla biraz acıdil idi. Mən də biraz qısqanc olmuşam. Buna görə də aramızda tez-tez mübahisələr düşüb. 

Cavid qeyd edib ki, hadisə baş verən gün, yəni aprelin 11-də, axşam saat 23 radələrində Leyla və ailəsinin digər üzvləri, yəni övladları və anası yaşadıqları evdə yadıblar: “Mən isə həmin vaxtı mətbəxdə idim. Həmin günü də günorta saatlarında xatırlamadığım səbəb üzündən Leyla ilə mübahisə elədik. Leyla da mənə aqressiv olaraq cavab verdi. Buna görə də əsəbləşdim. Bu barədə Leyla ilə oturub söhbət etmək istəyirdim. Ancaq günorta saatlarında evdə ailə üzvlərim olduğuna görə gecəni gözlədim. Bundan əlavə mən biraz da qısqanc adamam, Leylanın da işləməsini istəmirdim. Həmin günü axşam saat 23 radələrində yataq otağına daxil olaraq Leylanı durquzaraq onunla söhbət etmək istədiyimi söylədim. Onu mətbəxə çağırdım. Leyla da çağırışım əsasında mətbəxə keçdi. Mətbəxə keçdikdən sonra soyuducunu açaraq qarşıma yemək qoydu və yemək yeməyə başladım. Yemək yeyən zaman Leylaya niyə mənimlə aqressiv olaraq danışdığını soruşdum. Bundan əlavə onun artıq məktəbdə işləmək istəmədiyimi, məktəbdə bir çox kişilərin işlədiyini və onu qısqandığımı söylədim. Leyla isə yenidən aqressiv formada cavab verdi və yenə də aramızda mübahisə etməyə başladılar. Yenidən Leylanın Rəfiqə acıqlı şəkildə cavab verdiyinə görə əsəbləşdim. Bir anda sağ əlim ilə onun sifətinin sağ nahiyəsindən şillə ilə vurdum. Çillə isə onun sağ gözünə dəydi. Ardınca isə yenidən sağ əlim ilə onun döş nahiyəsindən şillə ilə vurdum. Zərbələrin təsirindən Leyla qışqıraraq ağlamağa başladı. Aramızdakı səs-küyə isə anam yataqdan duraraq gəldi və bizi ayırdı”.

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Leylanın sözlərinə görə, təqsirləndirilən Cavidlə ər-arvaddırlar, ailəvi olaraq birlikdə yaşayırlar: “Cavidlə aramızdakı münasibət 2018-2019-cu illərdən pozulub. Cavid məni əsassız olaraq qısqanır, başqa kişilərin mənə baxmasını irad tutur, gecələr məni yatmağa qoymur, yuxudan oyadaraq qısqanclığı zəminində mənimlə söhbət edərək mübahisə edir. Cavid məni dəfələrlə döyüb. Lakin hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Bu dəfə isə artıq məcbur olaraq şikayət etmişəm. Cavid məni qısqanaraq əsassız olaraq xəyanətdə ittiham edib, evdə təkləyərək döyüb”. 

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən ərinin onu ittiham etdiyi məsələlər barədə məhkəmə iclasında da bildirsin: “Cavidin ifadəsində məni döyməməsi ilə bağlı dedikləri yalandır. Hazırkı cinayət işi üzrə hadisə vaxtı Cavid məni vurub, əlləri ilə boğub, mənim qışqırığıma qayınanam oyanaraq gəlib. Mən Cavidlə yaşadığımız evi tərk etməyə məcbur olmuşam. Gah atamın, gah da qardaşımın evində yaşayıram. Uşaqlarımı da özüm ilə işə gedəndə aparıb-gətirirəm. Mən çox istəyirəm ki, özüm, qız övladım bizim öz evimizdə yaşasınlar, lakin Cavidin hərəkətlərinə görə evimizə qayıda bilmirik. Hadisə baş verən gün də Cavid məni yuxudan oyadaraq hansısa şəxsləri qısqanaraq məni sorğu-sual etməyə, həmin şəxslərin mənim işlədiyim yerə mənə görə gəldiklərini deməyə başladı. Mən də bu kimi yalan ittihamlara etirazımı bildirmişəm və aramızdakı mübahisə böyüyüb. Cavid ifadəsində deyir ki, guya mən söz başa düşmürəm, buna görə də aramızdakı məsələlər hay-küylə nəticələnir. Cavidin məni başqa kişilərlə şübhələnməsini necə başa düşüb iradlarına etiraz etməməliyəm?!”.

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin noyabr ayından Cavid onu döyür. Həmçinin bildirib ki, hadisə vaxtı Cavid əli onun sinə və sifət nahiyəsindən vurub: “Cavidin narkotik vasitə istifadəçisi olduğunu bildikdən sonra, maddi vəziyyətlə bağlı, uşaqlarımı saxlamaq üçün işləməyə məcbur olmuşam. Biz boşanmamışıq. Lakin Cavid təyin edilmiş alimenti də ödəyə bilmir. Belə olan halda işləməyə məcburam. Amma Cavid məndən işləməməyimi tələb edir. Cavidlə o halda barışaram ki, sonuncu məni ittiham etdiyi əsassız məsələlərdə haqsız olduğunu bildirsin, məndən üzr istəmiş olsun”.

Zərərçəkmiş sonrakı məhkəmə iclaslarında əlavə olaraq ifadə verib və bildirib ki, Cavid ondan barışması üçün xahiş edib, bir daha ona əsassız olaraq qısqanıb mübahisə yaratmayacağı, döyməyəcəyinə dair söz verib: “Bundan əlavə, mən də uşaqlarım ilə birlikdə öz evimdə ailəvi şəkildə yaşamaq istədiyimdən Cavidlə barışmışam. Cavidə qarşı şikayətim yoxdur”.

Məhkəmədə zərərçəkmiş şəxsin iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olur ki, 2014-cü ilin fevral ayından etibarən Xaçmazda orta məktəbklərdən birində katibə vəzifəsində işləyir. Onun ifadəsinə görə, barəsində şikayət etdiyi Cavid onun əridir, onunla düşmənçiliyi və ədavəti olmayıb: “Cavidlə 2016-ci ilin may ayında evlənmişik. Evliliyimizin ilk illərində münasibətlərimiz normal olub. Ancaq son 4 ildir ki, ərim ilə münasibətlərim pisləşib. Cavid həddindən artıq qısqancdır. Buna görə də Cavid mütəmadi olaraq, əsassız yerə mənimlə mübahisə edib”. 

Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən günü, yəni aprelin 11-də, axşam saat 23 radələrində yaşadığı evdə yatıb: “Bu zaman Cavid yataq otağına daxil olaraq məni durğuzdu, mənimlə söhbət etmək istədiyini söylədi, məni  mətbəxə çağırdı. Mən də Cavidin çağırışı əsasında mətbəxə keçdim. Mətbəxə keçdikdən sonra Cavid soyuducunu açaraq qarşısına yemək qoydu, yemək yeməyə başladı. Yemək yeyən zaman Cavid yenidən mənimlə səbəbsiz yerə mübahisə etməyə başladı. Mübahisənin də səbəbi guya ki, mən müxtəlif şəxslərlə görüşürəm. Mən isə ona dəfələrlə heç kimlə görüşmədiyimi və onu aldatmadığımı söylədim. Cavbid isə mənə inanmadığını deyərək bir anda sağ əli ilə sağ gözümdən şillə vurdu. Ardınca isə sağ əli ilə döş nahiyəmdən şillə vurdu. Zərbələrin təsirindən mən qışqıraraq ağlamağa başladım. Aramızdakı səs-küyə isə qayınanam yataqdan duraraq gəldi və bizi ayırdı”. 

Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. 

Məhkəmənin hökmünə əsasən Cavidin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
50
demokrat.az

1Mənbələr