AZ

COP29-da müzakirə edilməyən iqlimlə əlaqəli məsələ qaldımı?..

Image

Rövşən Abbasov: "Bakıda keçirilən COP29 iqlim sammiti tarixə "maliyyə COP-u" kimi düşəcək"

Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı öz işini davam etdirir. 1992-ci ildə imzalanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əsas mahiyyəti ondan ibarətdir ki, qlobal istiləşməyə əsas “töhfə vermiş” sənayeləşmiş ölkələr daha böyük məsuliyyət daşımalıdırlar. COP-un hər sessiyası üzrə danışıqlar da məhz bunun ətrafında qurulur.

Tədbirin bütün panel müzakirələrində vurğlanır ki, COP29-da iştirak iqlim dəyişikliyi probleminə “töhfə verməsindən” asılı olmayaraq bütün ölkələrə aiddir. Burada qlobal təhlükəni həll etmək üçün birgə səylərə ehtiyac var və buna görə də illik COP görüşləri keçirilir.

COP istiləşməyə səbəb olan karbon və digər qazların emissiyalarının azaldılması tədbirlərinin müzakirəsi, onunla mübarizə və uyğunlaşma üçün maliyyə mexanizmlərinin işlənib hazırlanması üzrə platformadır. Bununla belə, əldə olunmuş irəliləyişlərə baxmayaraq, dəyişiklik sürəti qlobal temperatur artımının qarşısını almaq üçün kifayət deyil. İlk konfranslardan bəri emissiyalar və temperaturun orta göstəriciləri artmağa davam edir.

Bakıda COP29 çərçivəsində “Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması”, “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi", iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair, “COP Mirası – vətəndaş cəmiyyətinin İqlim maliyyəsi üzrə müzakirələri”, FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında korporativ dayanıqlılıq və s. mövzularda panel sessiyaları keçirilib.

Ən müxtəlif məsələlər panellərdə müzakirə edilir. Daha çox maliyyələşmə ilə bağlı müzakirələr gözə dəyir. İqlimlə əlaqəsi olan və COP29-da müzakirəyə çıxarılmayan sahə varmı?

Bir də bu COP-u digərlərindən fərqləndirən cəhət nə olacaq? Məsələn, Paris COP-u ölkələrin karbon emissyası ilə bağli öhdəlik götürməsindən dolayı daha çox yadda qalib. Buna bənzər nəsə ola bilərmi? Yəni Bakı COP-u nə ilə yadda qala bilər?

Sualımıza cavabında ekoloq Rövsən Abbasov bildirdi ki, hələ Bakıda COP29 tədbirləri bir neçə gün də davam edəcək: "Tədbirin keçirilmə proqramına nəzər salanda da görünür ki, COP29-da iqlim məsələlərinə dair kənarda qalan heç bir sahə yoxdur. Bu bir qədər bədbin tendənsiyadir, ona görə ki, ətraf mühitə dair problemi olmayan artıq heç bir sahə qalmayıb. Bütün sahələrdə problem var və biz məcburuq ki, bütün problemlərin aradan qaldırılması yollarını müzakirə edək, ən qabaqcıl təcrübələri seçək. Ona görə də Bakıda keçrilən COP29 iqlim.sammitində Yerin təkindən Günəsə qədər bizi əhatə edən hər bir komponent müzakirə mövzusudur.

O ki qaldı COP29-un nə ilə tarixə düşməsinə, artiq gələn il bu sammitin keçirilməsinə başlanmasından 30 il keçəcək. Keçən iqlim sammitlərindən yalnız Paris COP-u yadda qalıb. Çünki o iqlim sammitində ölkələr üzərlərinə karbon emissiyasının azaldılması üçün kvota götürdülər. Həmin kvotaya əsasən dünyanın vahid karbon emissiyası 2050-ci ilə qədər 1992-ci ildəki səviyyəyə qədər azaldılmalıdır.

Bu 30 il ərzində dünya ölkələri hər il toplaşıb iqlim problemlərindən danışıb, hətta bu problemlərin aradan qaldırılması yollarını tapıblar. Amma bu işlərin icrasına hər bir dövlətin fərdi öhdəliyi kimi baxılıb. Bir mərkəzdən idarə edilən sistemli iş aparıla bilməyib. Bunun da əsas səbəbi bu iş üçün vahid maliyyələşmə fondunun olmamasıdır. Bakı COP-unda da artıq tarixi əhəmiyyətli qərarlar qəbul edilib. Bu, əsasən maliyyələşmə məsələləri ilə bağlıdır. Dünya Bankı artıq yaşıl keçidin təmin edilməsi üçün əhəmiyyətli məbləğlərin ayrılacağını bəyan etdi. Bakı COP-unda irəli sürülən təsəbbüslər əsasən ondan ibarətdir ki, yaşıl keçidin təmin edilməsi üçün ölkələr vaihid maliyyələşmə fondu yaratmalıdırlar. İlk dəfə olaraq Bakıda keçirilən COP29 sammitində məhz ümumidünya iqlim fondu yaradılacaq. Bu təsəbbüslə ilk dəfə COP29  ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezident hətta fondun ilkin həcminin bir milyard dollar məbləğində olmasını də qeyd etmişdi. Ona görə də, fikrimcə, Bakıda keçirilən COP29 iqlim sammiti tarixə "maliyyə COP-u" kimi düşəcək".

Dəniz NƏSİRLİ





Seçilən
44
baki-xeber.com

1Mənbələr