AZ

Frenk Pallone Azərbaycan həqiqətlərini 25 il əvvəl yerindəcə dinləmək imkanı qazanıb.



Ermənipərəst konqresmen Frenk Pallone Bakıya ilk dəfə deyil gəlib. O 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub. Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi. Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər. Təkcə Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi. Maraqlıdır ki, həmin il Frenk Pallone Azərbaycana xanımı ilə gəlmişdi. Həmin görüşün maraqlı məqamlarından biri də buydu ki, konqresmenlər Heydər Əliyevdən mətbuatı görüşü tərk etmələrini istəmişdilər. Bunu belə əsaslandırmışdılar ki, onlar Bakıda mətbuat konfransı keçirəcəklər. Buna baxmayaraq, Heydər Əliyev onlarla razılaşmayaraq görüşdə medianın iştirakını təmin etmişdi.
Frenk Pallone Azərbaycan həqiqətlərini 25 il əvvəl yerindəcə dinləmək imkanı qazanıb. Ancaq bu onun ermənipərəst mövqeyinə təsir etməyib, o əvvəlkitək Azərbaycanı ittiham edib, hətta işğal dövründə Qarabağda olub. 25 ildən sonra Bakıya yenidən gələn Frenk Pallone geri qayıtdıqdan sonra yenə fikirlərini dəyişməyəcək. Sadəcə, Frenk Pallone Konqresin bəlkə də yeganə ermənipərəst üzvüdür ki, ittiham etdiyi Azərbaycana ikinci dəfə səfər etməyi lazım bilib. Doğrudur, o COP29 tədbirinə görə Bakıya gəlib və X platformasındakı hesabında yazıb ki, Amerikanın iqlim dəyişikliyi ilə mübarizədə iştirakı davam edir. Konqresin energetika və ticarət Komitəsinin üzvü olan Pallone yeni prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını da pisləyib. Ancaq bunun üçün Azərbaycana gəlməyə ehtiyac yox idi. Bu Frenk Pallonenin növbəti avantürasına bənzəyir. Hər halda ABŞ-ın erməni lobbisi üçün də bu sual maraqlıdır: “Frenk Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nədir?”

Elxan Şahinoğlu
Seçilən
40
4
newscenter.az

10Mənbələr