"COP29, iqlim dəyişikliyi mövzusunda bir konfrans olaraq əlilliyi olan şəxslər üçün əhəmiyyətli təsirə malik ola bilər, çünki iqlim dəyişikliyi nəticəsində yaranan təbii fəlakətlər, sosial-iqtisadi dəyişikliklər və digər təsirlər əlilliyi olan şəxslərin həyatını daha da çətinləşdirə bilər".
Bu sözləri QHT.az-a özəl açıqlama verən Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov bildirib. O, COP29-un bu sahədəki rolunun vacibliyini vurğuladı. QHT sədri qeyd etdi ki, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin əlilliyi olan şəxslərin hüquqlarını qorumağa yönəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün bir dönüş nöqtəsi ola bilər:
"İqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlərdə, əlilliyi olan şəxslər ən həssas qruplardan biri hesab edilir. Evakuasiya, fövqəladə yardım və yenidənqurma işləri zamanı xüsusi diqqət göstərilməsi vacibdir. İqlimlə bağlı tədbirlərdə və yaşıl iqtisadiyyata keçiddə əlilliyi olan şəxslərin işlə təmin edilməsi, onların müstəqil yaşayış imkanlarını artırmaqla yanaşı, daha geniş bir sosial inkluziyaya da səbəb ola bilər. İqlim tədbirlərində infrastruktur dəyişiklikləri nəzərdə tutulduqda, əlilliyi olan şəxslər üçün müyəssərlik məsələlərinin də daxil edilməsi lazımdır".
Pərvanə Fərhadqızı