Məlumdu ki, “dənizçilər” premyer-liqanı tərk etmək təhlükəsiylə üz-üzədi. Bayıl təmsilçisi 8 xalla 9-cu pillədədi və sonuncu yerdə olan “Kəpəz”i cəmi bir xal qabaqlayır. Qısası, mümkün xal itkiləriylə yanaşı, gəncəlilərin uğurlu çıxışı kollektivin 1-ci liqaya yuvarlanmasıyla nəticələnə bilər.
Böyük ehtimalla, premyer-liqada qalmaq uğrunda mübarizə mövsümün sonuna qədər məhz bu komandalar arasında gedəcək. Bəs Cavid Hüseynov belə ciddi sınağın öhdəsindən gələ bilərmi? “Səbail” doğru addım atdı, yoxsa başqa alternativlər daha faydalı ola bilərdi?
Bu suallarla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik:
“Cavid nə vaxtsa premyer-liqada baş məşqçi olmalıydı. Təcrübəli və istəkli məşqçidi. Bir yerdən başlamalıydı ki, “Səbail”i keçdi. Düzü, premyer-liqanı tərk edəcək komandanın “Kəpəz”, yoxsa “Səbail” olacağını proqnozlaşdırmaq çox çətindi. Cavid Hüseynovun görəcəyi işlər ona yaradılan şəraitdən asılı olacaq. Klub rəhbərliyi və azarkeşlər baş məşqçiyə dəstək olmalıdı. O, daha əvvəl “Şamaxı” və “Turan Tovuz” kimi klublarda təcrübə toplayıb. İndi rəqabətədavamlı heyət formalaşdırmaq lazımdı. Məncə, bu, mümkün olacaq. Azı ona görə ki, “Səbail”in maliyyə durumu “Kəpəz”lə müqayisədə daha yaxşıdı. Üstəlik bu komandaya əlavə maddi güc qatmaq mümkündü. Eşitdiyimə görə, klub rəhbərliyi ilə Cavid Hüseynov arasında təkcə işlə bağlı yox, ümumiyyətlə, dostluq münasibətləri var. Bu baxımdan çalışdırıcıya lazımi şərait yaradılacağını düşünürəm. Bəs “Kəpəz”də belədimi? Azər Bağırov istədiyi heyəti formalaşdıra bilərmi? Rəhbərliyin maddi cəhətdən gücü mübarizə aparmağa yetirmi? Əsas suallar bunlardı. Yenə də Azər Bağırovla Cavid Hüseynovun komandaları arasında gərgin mübarizə gedəcək. Qazanan isə məharətini ortaya qoymağı bacaran olacaq”.
KƏNAN BAHADIR