AZ

COP29 iqlim savaşına yeni məzmun və miqyas gətirdi

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev 29-cu iqlim konfransı çərçivəsində danışıqların nəticələri barədə mediaya müsahibəsində bu nüfuzlu sessiyanın davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ən yaxşı təcrübə mübadiləsi platformasına çevrildiyini bildirib. Baş katib konfrans günlərində TDT-yə üzv ölkələrin iqtisadiyyat, kənd təsərrüfatı, urbanizasiya, ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə iqlim, innovasiya və yaşıl iqtisadiyyat üzrə bir sıra tədbirlərin keçiriləcəyinin planlaşdırıldığını da vurğulayıb.

K.Ömüralıyevin sözlərinə görə, TDT, həmçinin iqlim dəyişikliyinin yaratdığı təcili çağırışlara cavab olaraq davamlı inkişaf üzrə regional əməkdaşlığı yaxşılaşdırmaq üçün cəsarətli addımlar atır. Bu səylər 2024-cü ilin noyabrında Bişkek Sammitində təşkilatın liderlərinin qəbul etdikləri “Türk Yaşıl Baxışı”nda da qabarıq nəzərə çarpır. Bu istiqamət, eyni zamanda, Türk dünyasında davamlı inkişaf və iqlim fəaliyyətinə dair ortaq öhdəliyi ifadə edir. Təşkilat hazırda ekoloji davamlılıq və rəqəmsal innovasiya sahələrində əməkdaşlığı təşviq etmək üçün İqlim və Yaşıl Rəqəmsal Platformasının yaradılmasını nəzərdən keçirir. Bundan başqa, həssas dağ ərazilərində davamlı inkişafı dəstəkləmək üçün “Dağ İqlimi Dialoqu”nu həyata keçirməyi planlaşdırır.

TDT-nin Baş katibi daha sonra deyib: “Təşkilat öz üzvlərinə bir çox iqtisadi səmərə verir, əməkdaşlığı gücləndirir və inkişaf üçün yeni imkanlar yaradır. Bu, ilk növbədə, ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsi üçün platformadır. TDT-nin əhəmiyyətli üstünlüklərindən biri də onun üzvlərinin strateji coğrafi mövqeyidir. Ölkələrimiz əsas ticarət yollarının kəsişməsində yerləşir və bu, nəqliyyat-logistika dəhlizlərinin inkişafına imkanlar yaradır. TDT ölkələri əhəmiyyətli neft, təbii qaz, kömür və bərpaolunan enerji mənbələrinə görə yüksək enerji potensialına malikdir. Məsələn, Azərbaycan və Qazaxıstan qlobal enerji bazarında mühüm rol oynayan regionda əsas neft və təbii qaz ixracatçılarıdır. Qırğızıstan öz su ehtiyatları sayəsində hidroenergetika sahəsində böyük potensiala malikdir. Özbəkistan Mərkəzi Asiyada ən böyük təbii qaz istehsalçılarından biridir”.

Müsahibədə Türkiyənin həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrini, xüsusilə günəş və külək elektrik stansiyalarını fəal şəkildə inkişaf etdirdiyini vurğulayan K.Ömüralıyev qardaş ölkə iqtisadiyyatının dünyanın ən böyük iqtisadiyyatlarından biri olduğunu, eləcə də onun G20 (“Böyük iyirmilik”) üzvü statusunu daşımaqla qlobal iqtisadi səhnədə yüksək fəallığını diqqətə çatdırıb.

 

Seçilən
49
xalqqazeti.az

1Mənbələr