AZ

COP hərəkatı qlobal iqlim platformasıdır

COP29 tədbiri iqlim dayanıqlığının artırılması məqsədilə innovativ maliyyələşdirmə həllərinin və problemlərin müəyyən edilməsi üçün səmərəli platformadır. Bu dialoq iqlim dəyişikliyi ilə mübarizədə əsas istiqamətlərin müəyyənləşdirilməsi, COP29 ərzində və ondan sonrakı dövrdə yeni tərəfdaşlıqların qurulması üçün effektiv olacaq. Bu fikirlər COP29 çərçivəsində “Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə Azərbaycanın təşəbbüsü olan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu barədə təqdimat edib. Diqqətə çatdırılıb ki, fondun kapitalının karbohidrogen ehtiyatlarına sahib olan ölkələrin, eləcə də şirkətlərin könüllü ianələri sayəsində formalaşdırılması, 1 milyard ABŞ dolları həcmində ilkin vəsait toplandıqdan və 10 səhmdar ölkə donor olduqdan sonra fəaliyyətə başlaması nəzərdə tutulur.

Tədbirdə fondun işə başlamasının qlobal “yaşıl keçid” üçün tələb olunan investisiyaların səfərbər edilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb. Qeyd olunub ki, əsas missiya, sadəcə, yaşıl və təmiz keçidi maliyyələşdirmək deyil, həm də iqtisadiyyatları yenidən formalaşdırmaqdır.

BMT-nin İnkişaf Proqramının Dayanıqlı Maliyyə Habının direktoru Tomas Belonun moderatorluğu ilə keçirilən tədbirdə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol çıxış ediblər.

 

Seçilən
43
xalqqazeti.az

1Mənbələr