AZ

Ekoloji fəaliyyətin mədəni qaynaqları

Bakıda keçirilən COP29 sessiyası çərçivəsində iqlim dəyişikliyi və mədəniyyət mövzusu müzakirələrdən kənarda qalmayıb. Bu baxımdan Müxtəlif ölkələrdən mədəniyyət nazirləri və həmin nazirlikləri təmsil edən geniş mütəxəssis heyətinin iştirakı ilə Mədəniyyət əsaslı İqlim Fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu Görüşü xüsusi qeyd edilməlidir.

İclasda “Mədəniyyət və iqlim dəyişikliyi” mövzusu müzakirə edilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib: “İclasın vacib məqamlarından biri COP28-də əsası qoyulan və bu gün təsdiqlənən “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu” təşəbbüsüdür. Həmin təşəbbüs qrupunun ilk şərtlər toplusu təsdiq edilmiş oldu. Təbii ki, Azərbaycan da buna qoşularaq Birləşmiş Ərəb Əmirliyi və Braziliya ilə birgə “Dostlar qrupu” təşəbbüsünün həmsədri olaraq təqdim edildi. Bu gün Azərbaycanın sədrliyi ilə bu şərtlər toplusu ölkələr tərəfindən qəbul edildi”.

Nazir Adil Kərimlinin sözlərinə görə, “Dostlar qrupu” üzvlərinin sayı get-gedə çoxalır və dünya ictimaiyyətinin diqqəti məhz mədəniyyətin iqlimə təsiri mövzusunda daha da genişlənmiş olur.

***

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Adil Kərimli belə bir mötəbər tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin də iştirakından məmnunluğunu söyləyib. Azərbaycan ilə Türkiyə arasında mədəniyyətin bütün sahələrində uğurlu əməkdaşlığın qurulduğunu deyən nazir bu sahədə əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu deyib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəmizin COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə evsahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, əgər Türkiyə COP31-i qəbul edərsə, Azərbaycanın bu sahədəki təcrübəsi öyrəniləcək. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər tədbir məkanındakı Azərbaycan, Türkiyə və Özbəkistanın pavilyonları ilə tanış olublar. Türkiyə və Özbəkistan pavilyonları ilə tanışlıqda Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edib.

***

Sessiya çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib.

Əvvəlcə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır: “Biz gələcəyimiz üçün mədəni irsimizi qorumağa çalışacağıq”.

Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru xanım Aruna Francesca Maria Gujral, UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi xanım Dana Firas, Ağa Xan İnkişaf Şəbəkəsinin Ətraf mühit və iqlim komitəsinin sədri şahzadə Rəhim Ağa Xan, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər.

Görüş məruzələrlə davam etdirilib. Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) haqqında danışan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid əl-Qassimi qurumun üzvlərinin sayının artmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu, sektorlararası daha güclü bir səs olacaq: "Bu görüşdə iqlim dəyişikliyi fəaliyyətində mədəniyyət ölçüsünü diqqətə çatdırmış olacağıq. Mədəniyyət və iqlim dəyişikliyi bir-biri ilə əlaqədardır. Düşünürəm ki, bu sahədə araşdırmalara daha çox investisiya qoyulmalıdır. Biz bütün tərəfləri nazirliklərarası əməkdaşlığa dəvət edirik".

Sonra Braziliya (videomüraciət), Türkiyə, Pakistan, Özbəkistan,Yunanıstan mədəniyyət nazirləri və digər çıxış edən nümayəndələr mövzu ətrafında öz fikirlərini bildiriblər. Çıxışçılar mədəniyyətin iqlim siyasətində oynadığı güclü rolu xüsusi qeyd ediblər.

Çıxışlardan sonra Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşünün yekun sənədi qəbul edilib. Yekun söz söyləyən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim fəaliyyətində mədəniyyətin payının yüksək olduğunu deyib. Bildirib ki, qəbul olunmuş bu sənəddə mədəniyyət əsaslı iqlim tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanır.

Ə.ƏLİYEV
XQ

Seçilən
46
xalqqazeti.az

1Mənbələr