AZ

Hələ də POS-terminalı olmayan sahibkarların "qara günləri" gəldi...

Image

Xalid Kərimli: “Sahibkarlar qaydalara əməl etməzsə, onlar haqqında səyyar vergi yoxlanılması açılır”

Bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) sahibkarlara müraciət edərək, nağdsız vəsaitin qəbul edilməsinin yalnız POS-terminal vasitəsilə həyata keçirilməsini istəyib. 

Xidmət sahibkarlara xatırladıb ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. 

Qeyd edək ki, kartdan karta pul köçürülmələri son illərdə ən geniş yayılmış kart əməliyyatıdır. Bu cür əməliyyatlar bir qayda olaraq debet kartlarla həyata keçirilir. Çünki debet kartlardan köçürülmə zamanı komissiya haqqı tutulmur. Amma digər kartlarla köçürülmə edən zaman komissiya haqqı alınır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, 16 noyabr tarixindən POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlanılıb və həmin vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Maraqlıdır, Dövlət Xidməti tərəfindən həmin sahibkarlara nəzarət tədbirləri necə həyata keçirilə bilər? Ümumiyyətlə, bu tədbirlərin effektivliyi necə olar?

“Kartdan karta pul köçürülməsini tələb edən sahibkarlara qarşı nəzarət tədbirləri gücləndirilməli və müvafiq cərimələr tətbiq olunmalıdır”

İqtisadçı-ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, kartdan karta əməliyyatların genişlənməsi vergidən ciddi yayınmaya səbəb olur: “Məlumdur ki, həm ticarət, həm də xidmət müəssisələrində ödəniş forması kimi kartdan karta pul köçürülməsi qadağandır. Bu, hesablaşma qaydalarının pozulmasıdır və bunu edənlər cərimələnməlidir. Vətəndaş ödənişi nağd edirsə, kartdan karta ödəniş də buna aiddir, o halda istehlakçıya qəbz və nəzarət-kassa aparatından çıxarılan ödənişi təsdiq edən sənəd təqdim edilməlidir. Əgər istehlakçı ödənişi kartla etmək istəyirsə, bunun yeganə forması POS-terminaldır. Məlumdur ki, kartdan karta köçürmə alıcının ziyanınadır. Çünki bu halda o, “ƏDV Geri al” layihəsindən yararlana bilmir, eləcə də bankların kəşbək kampaniyasından istifadə edə bilmir. Buna görə də kartdan karta pul köçürülməsini tələb edən sahibkarlara qarşı nəzarət tədbirləri gücləndirilməli və müvafiq cərimələr tətbiq olunmalıdır. Pos-terminaldan istifadə etməyən, onu işlək vəziyyətdə saxlamayan, əsassız istifadəni məhdudlaşdıran sahibkarlar müəyyənləşib, ödəniş qaydalarının pozulmasına görə cəzalandırılacaq. Sahibkarlar qaydalara əməl etməzsə, onlar haqqında səyyar vergi yoxlanılması açılır. Səyyar vergi yoxlamaları zamanı onlar daha ciddi şəkildə yoxlanılır”.

Günel CƏLİLOVA





Seçilən
25
baki-xeber.com

1Mənbələr