AZ

Türk dövlətlərinin birgə inkişaf perspektivi ...

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurları və təşəbbüsləri yüksək qiymətləndirilir

Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlıq haqqında Saziş gələcək üçün mühüm təməllər yaradır

Azərbaycanın “yaşıl” enerjiyə keçid və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində atdığı addımlar ölkəmizin daxili inkişafına, beynəlxalq çağırışlara mühüm dəstək olmaqla yanaşı, həm də regionda və beynəlxalq arenada əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə yol açır. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurları və təşəbbüsləri isə həm də dost və tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Bu mənada, Azərbaycanın əsas tərəfdaşlarından olan Türk dövlətləri ölkəmizin bu sahə üzrə verdiyi töhfələrə xüsusi diqqət yetirir. Yeri gəlmişkən, noyabrın 13-də COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar. Görüşdə çıxış edən Prezident İlham Əliyev üç qardaş ölkənin öz əməkdaşlığını yeni səviyyəyə qaldırdığını bildirib. Dövlət başçısı vurğulayıb ki, sazişin imzalanması tarixi hadisədir: “Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bu sazişi davamlı inkişaf üçün ümumi səylərin tarixində yeni səhifə adlandırıb: “Strateji tərəfdaşlıq Sazişinin imzalanması Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı üzrə üçtərəfli əməkdaşlıqda mühüm mərhələdir”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, regionumuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir: “Bu gün biz Avropaya birlikdə yeni yaşıl enerji dəhlizi yaradırıq. Bu da tarixi hadisədir”.

“Yaşıl” hədəflər...

Bəli, Azərbaycan, xüsusilə son illərdə iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səviyyədə bir çox təşəbbüsləri ilə yadda qalıb. Dövlətimiz COP28-də qəbul edilən “İqlim Şəhərləri” platformasında aktiv iştirak edir və ölkənin iqtisadiyyatının karbonsuzlaşdırılması üçün mühüm addımlar atır. Azərbaycan, həmçinin “Yaşıl Enerji” keçidini dəstəkləyən mühüm layihələrə imza atır. Azərbaycanın bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahələrində müəyyən etdiyi məqsədlər çoxşaxəlidir. Yaşıl iqtisadiyyat və ekoloji bərpa istiqamətində addımlar atılır, xüsusən də 2030-cu ilədək karbon izinin azaldılması üzrə mühüm hədəflər müəyyənləşdirilir. Yaşıl enerji istehsalının genişləndirilməsi isə xüsusilə regional əməkdaşlığa yeni rəng qatır.

Konkret layihələr, mühüm perspektivlər ...

Türkiyənin və ümumilikdə, Mərkəzi Asiya ölkələrinin Azərbaycanın “yaşıl” iqtisadiyyat sahəsindəki təşəbbüslərinə verdiyi dəstəyə gəlincə, bu ölkələrin təcrübə mübadiləsi və texnoloji tərəfdaşlıq sahələrindəki birgə fəaliyyəti prosesə mühüm sürət qazandırır. Xüsusilə Türkiyənin və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji və ekoloji dayanıqlılıq mövzusunda əməkdaşlıq etdikləri konkret layihələr mövcuddur ki, bu layihələr gələcək inkişafla bağlı mühüm perspektivlər yaradır. Prezident İlham Əliyev çıxışında Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkilməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarını qeyd edib və bildirib ki, bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir: “Və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik”.

Ölkəmizin ən yaxın tərəfdaşlarından sayılan Türk dövlətlərinin Azərbaycanın təqdim etdiyi COP29 təşəbbüsünə verdiyi dəstək isə olduqca təqdirəlayiqdir. Mərkəzi Asiya regionunun iqlim dəyişikliyi ilə mübarizədə xüsusilə həssas bölgə olaraq qarşılaşdığı çətinliklər və bu çətinliklərin aradan qaldırılması istiqamətində atılan müştərək addımlar məsələnin vacibliyi kontenkstini daha geniş şəkildə göz önünə gətirir. Bu ölkələrin birgə fəaliyyətləri isə beynəlxalq iqlim siyasətində əhəmiyyəti yer tutur - bu əməkdaşlıq həm regional, həm də qlobal miqyasda ətraf mühitin qorunması üçün xüsusi töhfələr vəd edir.

Azərbaycanın “yaşıl” gündəliyi mühüm dəstək qazanır

Qeyd edildiyi kimi, Azərbaycan, son illər ərzində qlobal ekoloji məsələlərə və iqlim dəyişikliyinə qarşı mübarizəyə fokuslanmış bir sıra mühüm təşəbbüslərlə yadda qalıb. Bu təşəbbüslərin ən mühümləri “yaşıl” iqtisadiyyatın qurulması, bərpa olunan enerji sahəsinə keçid və karbon emissiyalarının azaldılması kimi məqsədləri özündə ehtiva edir. Azərbaycanın “yaşıl” gündəliyi, həm regional, həm də beynəlxalq səviyyədə mühüm dəstək qazanır və xüsusilə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə bu sahədə səmərəli əməkdaşlıq yaradılıb. Azərbaycan enerji sektorunda ənənəvi fosil yanacaqlardan asılılığını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid prosesində israrlıdır - bu istiqamətdə qəbul olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədində ekoloji təmiz enerji istehsalının artırılması, “yaşıl” iqtisadiyyatın təşviqi və ətraf mühitin qorunması üçün müvafiq tədbirlər müəyyən edilib.  Dövlətin bu sahədəki prioritetləri arasında külək enerjisi, günəş enerjisi və su elektrik stansiyalarının genişləndirilməsi yer alır.

Azərbaycanın həyata keçirdiyi bu transformasiya isə qeyd edildiyi kimi, yerli iqtisadiyyata yanaşı, həm də regional və beynəlxalq əməkdaşlığa istiqamətlənib. Xüsusilə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycana verdiyi dəstək, bu dəyişiklikləri daha da sürətləndirir və müsbət nəticələr əldə edilməsi üçün zəmin yaradır.

Regionda “yaşıl” enerjinin inkişafı üçün əhəmiyyətli addım...

Türkiyə və Mərkəzi Asiya ölkələri, Azərbaycanın “yaşıl” enerjiyə keçidini yüksək qiymətləndirərək, bu prosesdə aktiv iştirak etməkdədirlər. Türkiyə, xüsusilə özünün bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycana təqdim edərək, mühüm texnoloji dəstək göstərir. Qazaxıstan, Türkmənistan və Özbəkistan isə regionda bərpa olunan enerjinin genişlənməsində və karbon emissiyalarının azaldılmasında Azərbaycanla sıx əməkdaşlıq edir. Bu ölkələrin ekoloji cəhətdən təmiz enerji layihələri və texnologiyalarının Azərbaycanda tətbiqi, regionda “yaşıl” enerjinin inkişafı üçün əhəmiyyətli bir addım olub. Sözügedən tədbirdəki çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğulayıb ki, imzalanan Sazişin praktiki nəticələri Orta Dəhlizin iqtisadiyyatlarımızı birləşdirən “yaşıl körpü” qismində inkişafına töhfə verəcək: “Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək”.

Türk dövlətlərinin Azərbaycana verdiyi dəstək, həmçinin investisiyalar və texnoloji kömək ilə daha da güclənib. Paralel olaraq Türkiyə ilə də imzalanan müvafiq razılaşmalar əsasında Azərbaycanın günəş və külək enerjisi sahəsində birgə layihələr həyata keçirilir. Həmçinin Qazaxıstan və Özbəkistan ilə bu sahədəki müştərək təşəbbüslər də yüksək potensial yaradır.

Türkiyə və Mərkəzi Asiya ölkələri Azərbaycanın ekoloji transformasiyasını dəstəkləyir...

COP29 sammitində Türk dünyasının bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsindəki fəal iştirakı, qlobal səviyyədə ekoloji problemlərin həlli üçün mühüm çağırışları xüsusi bir əhəmiyyət daşıyır. Sammitdə Azərbaycanın “yaşıl” iqtisadiyyat və bərpa olunan enerji sahəsindəki təşəbbüsləri, həm regional, həm də beynəlxalq miqyasda geniş müzakirə olunur. Türk dövlətləri Azərbaycanın ekoloji transformasiyasını dəstəkləyərək, qlobal iqlim siyasətində daha güclü mövqe tutmağa çağırışlar edirlər. Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanla birgə çalışaraq, iqlim müzakirələrində daha çox iştirak etməyi və bu sahədə təcrübə mübadiləsi etməyi davamlı hala salacağını bəyan edir. Bu əməkdaşlıq ətraf mühitin qorunması ilə yanaşı, həm də sosial və iqtisadi inkişafın dah yüksək təmini üçün bir vasitədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalanma mərasimində bu sazişin perspektivinə diqqət çəkib və bildirib ki, bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəsini dövlətlərimizin hamısı hiss edəcək: “Minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək və bunun əsas nəticəsi olaraq əhalimizin həyat səviyyəsi yüksələcək. Bu layihənin icrasını sürətləndirmək üçün qarşımızda bir sıra mühüm vəzifələr durur. Bu, çox böyük və iddialı layihədir, biz bu iddialı layihənin həyata keçirilməsini sürətləndirmək üçün hər şeyi edəcəyik”.

Əməkdaşlıq ətraf mühitin qorunması üçün güclü bir model yaradır

Azərbaycanın “yaşıl” enerji sahəsindəki irəliləyişlərinin dəstəkləməsi isə paralel olaraq qarşıdakı dövr üçün yeni təşəbbüslər mühitini yaradır. Bu çərçivədə, Azərbaycanın “yaşıl” enerji sektoruna yönəlmiş xarici investisiyaları artırması və yeni texnologiyaların tətbiqi istiqamətində müsbət addımların atılması zəruridir. Həmçinin regiondakı digər ölkələr ilə, xüsusilə Şərqi Avropa və Orta Asiya ölkələri ilə, ekoloji və enerji sahələrində daha sıx əməkdaşlıq yaradılması üçün birgə forumların təşkil edilməsi, iqlim dəyişikliyi ilə mübarizənin daha səmərəli aparılmasına imkan yarada bilər. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın regional liderliyini gücləndirərək, onun “yaşıl” iqtisadiyyat və ekoloji innovasiyaların inkişafında öncül bir ölkə kimi fəaliyətinə xüsusi stimul qazandıracaq.

Beləliklə, yaxın tərəfdaşlarımızın ortaya qoyduğumuz yaşıl gündəmə verdiyi dəstək, COP29-da fəal iştirak Azərbaycanın ekoloji və enerji transformasiyasının müsbət nəticələrə yönəlməsində böyük rol oynayır. Bu ölkələr arasında əməkdaşlıq, regionda bərpa olunan enerji və ətraf mühitin qorunması sahəsində güclü bir model imkanları yaradır və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsi, daha dayanıqlı və ekoloji təmiz bir gələcəyin qurulmasını şərtləndirir...

P.İSMAYILOV

Seçilən
40
yeniazerbaycan.com

1Mənbələr