AZ

Azərbaycan və Albaniya parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə müzakirələr aparılıb

Milli Məclisin sədri Sahibə Qafarova Albaniya parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahibə Qafarova COP29 tədbirində maraqlı çıxışına görə həmkarına təşəkkürünü bildirib. Qeyd olunub ki, Albaniyanın Baş naziri Edi Rama da COP29-un Liderlər Sammitində iştirak edib. Bu faktlar ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisidir.

Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. Deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etdiyini bildirib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.

Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və bütün ölkələr bu problemdən əziyyət çəkir. Tərəflər inkişaf etmiş dövlətlərin kiçik ada dövlətlərinə dəstəyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Albaniya Parlamentinin sədri ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Qeyd olunub ki, ölkələrimiz mühüm layihələr həyata keçirir.

Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın daha da gücləndirilməsi haqqında müzakirələr aparılıb. Parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Qarşılıqlı səfər və təmasların, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Qonaq regionda mövcud vəziyyət barədə də məlumatlandırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
36
31
xalqqazeti.az

10Mənbələr