AZ

Türkiyə işini son tura saxladı

Türkiyə Millətlər Liqasında son tur ərəfəsində liderliyi təmin etmək üçün yaxşı fürsət yaxalamışdı. Bunun üçün doğma meydanda Uelsi yenmək tələb olunurdu.

Amma ''ay-ulduzlular'' matçboyu daha yaxşı və istəkli təsir bağışlasalar da, heç cür rəqibin sıx müdafiəsini yara bilmədilər. Kayseridəki matçın kuliminasiya nöqtəsi 89-cu dəqiqəyə təsadüf etdi. Yunus Akgünə qarşı kobudluğa görə təyin olunan penalti zamanı topun başına Kərəm Aktürkoğlu keçdi. Amma yaxşı formada olan ''Benfika''nın üzvü topu dirəyə nişanladı. Beləliklə, Kardiffdəki ilk görüşdə olduğu kimi bu komandaların ikinci oyununda da qapılara qol vurulmadı. Maraqlıdı ki, cari ML-ə qədər Türkiyə ilə Uels arasında baş tutan 9 qarşılaşmanın cəmi 1-i qolsuz yekunlaşmışdı. Amma bu nəticəyə baxmayaraq yenə də Türkiyənin taleyi öz əlindədi.

Qardaş ölkənin komandası son turda iddiasız Monteneqronu səfərdə yenəcəyi təqdirdə qrup liderliyini təmin edəcək. Hakan Çalhanoğlu Türkiyənin heyətində 95-ci oyununu keçirməklə Tuqay Kərimoğlunu geridə qoydu və komandanın tarixində ən çox oyun keçirən futbolçuların siyahısında 6-cı pilləyə yüksəldi. Onu da bildirək ki, Türkiyə Vinçentso Montellanın başçılığı altında evdə keçirdiyi 4-cü oyunda ilk dəfə qələbəyə həsrət qaldı.

ƏLİ

Seçilən
34
football-plus.az

1Mənbələr